İsveç rəsmi olaraq NATO-ya üzv oldu

İsveç rəsmi olaraq Şimali Atlantika Alyansının üzvü oldu. ABŞ Dövlət Departamenti ölkənin NATO-ya daxil olması ilə bağlı protokolun qüvvəyə mindiyini açıqlayıb.

Martın 7-də İsveç hökuməti növbədənkənar iclasında NATO-ya üzv olmaq dəvətini təsdiqləyib. Bundan sonra Vaşinqtonda olan ölkənin baş naziri Ulf Kristersson İsveçin alyansa daxil olması ilə bağlı sənədləri imzalayaraq ABŞ Dövlət Departamentinə təhvil verib. O, xalqa xüsusi müraciət də edib.

İsveç alyansa qoşulan 32-ci ölkə oldu. “Politico”nun məlumatına görə, martın 11-də alyansın Brüsseldəki mənzil-qərargahı qarşısında İsveç bayrağı qaldırılacaq.

♦ İsveç 2022-ci ilin mayında, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan qısa müddət sonra Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib. Bundan əvvəl ölkə 200 ilə yaxın neytrallığa sadiq qalıb.

♦ NATO-ya üzv olmaq üçün namizəd ölkənin müraciəti alyansın bütün üzvləri tərəfindən təsdiqlənməlidir. Finlandiyanın müraciəti bütün NATO üzvləri tərəfindən bəyənilib və ölkə 2023-cü ilin aprelində alyansa qoşulub.

♦ Türkiyə və Macarıstan İsveçin NATO-ya daxil olmasına qarşı çıxıblar. Ankara, digər məsələlərlə yanaşı, Stokholmdan Türkiyə hakimiyyətinin terrorda ittiham etdiyi şəxslərin təhvil verilməsini, həmçinin Türkiyədə terror təşkilatı elan edilmiş Kürdüstan Fəhlə Partiyasının “fəaliyyətinin qarşısının alınmasını” tələb edib. Budapeşt, öz növbəsində, Stokholmu Macarıstanı “qaralamaq” siyasətinə və ölkənin qanunun aliliyi normalarından kənara çıxmasına dair mütəmadi şərhlərinə görə qınayıb.

♦ Nəticədə Türkiyə parlamenti 2024-cü il yanvarın sonunda İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyasına səs verib. Tezliklə bu sənədi Türkiyə prezidenti Rəcəb Ərdoğan təsdiqləyib. Macarıstan parlamenti fevralın sonunda İsveçin ərizəsini imzalayıb. Martın 5-də Macarıstan prezidenti Tamaş Szuyok İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edən qanunu təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ