Ermənilər rus sərhədçilərinin çıxarılmasını tələb edirlər

Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın Zvartnots aeroportu yaxınlığında hava limanında xidmət edən rusiyalı sərhədçilərin ölkəni tərk etməsi tələbi ilə etiraz aksiyası keçirir.

“Bu, təkcə Ermənistan Respublikasının suverenliyinin olmamasının sübutu deyil, həm də hər bir erməninin ləyaqətini təhqir edən biabırçı faktdır.

Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin sərhədlərini mühafizə etməsi, əcnəbinin kimin ölkəyə buraxılıb, kimin buraxılmamasına qərar verməsi qəbuledilməzdir.

Əslində, bu gün biz öz doğma şəhərimizin ağaları deyilik və bilmirik ki, ölkəmizin qapıları kimə açıqdır, ya bağlıdır”, - etirazçılar bildiriblər.

Onlar Ermənistan sərhədlərində rus qoşunlarının olduğunu bilən və bu reallığı qəbul etməyən bütün vətəndaşlara müraciət ediblər.

“Gəlin birlikdə rus işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi bildirək”, - deyə etirazçılar müraciətlərində qeyd edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ