Yəmən husiləri Səudiyyə Ərəbistanının Ciddə və Şərqi Afrikadakı Cibuti arasında Qırmızı dənizdə dörd dənizaltı internet kabelini zədələyib. Bu barədə İsrailin “Globes” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bu, Avropa və Asiya arasında internetdə fasilələrə səbəb olub.
Əsas zərər Körfəz ölkələri və Hindistanda dəyib
Nəşr aydınlaşdırıb ki, AAE-1, Seacom, EIG və TGN şirkətlərinin kabelləri zədələnib. Birinci kabel Şərqi Asiyanı Misir vasitəsilə Avropaya birləşdirir. Seacom kabeli - Avropa, Afrika və Hindistanı, EIG - CƏnubi Avropanı Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan və Cibutini, TGN kabeli isə, Mumbayı Marsellə birləşdirir.
Husilərin hücumu internet rabitəsində ciddi pozulmalara səbəb olub, ən çox Körfəz ölkələrində və Hindistandakı istifadəçilər zərər görüblər. Zərərin ciddi olduğu, lakin kritik olmadığı bildirilir.
Kabellər səkkiz həftədən gec olmayaraq bərpa edilə bilər. Nəşr yazır ki, şirkətlər çox güman ki, təmir zamanı risklərə görə podratçılara yüksək mükafat ödəməli olacaqlar.
Husilər Qırmızı dənizdə İsrailə aid gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar
İsrail və Fələstin arasında qarşıdurma başlayandan husilər yəhudi dövləti ilə əlaqəli şirkətlərin gəmilərinə hücum edəcəklərini bildiriblər, lakin hücumlar nəticəsində üçüncü ölkələrin ticarət gəmiləri də vurulub.
Belə ki, fevralın 18-də Yəməndə Husi üsyançıları “Ənsar Allah” tərəfindən Britaniyanın “Rubymar” yük gəmisinə hücumundan sonra Qırmızı dənizdə neft ləkəsi əmələ gəlib. Nəticədə, gəmi “əhəməyyətli ziyan dəyib” və Qırmızı dənizdə 18 mil (təxminən 29 kilometr) neft ləkəsi peyda olub.
Üç gün sonra husi üsyançıları Yəmənə humanitar yardım aparan “Sea Champion” gəmisinə iki raket atıblar. Raketlərdən biri gəminin yaxınlığında partlayıb. Buna baxmayaraq, ekipaj son mənzilə doğru yoluna davam edib.