Rusiya benzinin ixracına qadağa qoyur

Rusiya hökuməti martın 1-dən altı ay müddətinə benzin ixracını qadağan edəcək və birjada dizel yanacağının satışı standartını 16%-ə çatdıracaq.

Yanacağın bahalaşması ilə mübarizə üçün bu cür tədbirlərin görülməsi planları barədə RBC nəşrinə hökumətdəki mənbə məlumat verib. Məlumatı Rusiya baş nazirinin müavini Aleksandr Novakın nümayəndəsi “İnterfaks”a təsdiqləyib.

Bildirilir ki, Novak benzin ixracına qoyulan qadağanın təşəbbüskarı olub. “Neft məhsullarına tələbatı bərabərləşdirmək üçün daxili neft məhsulları bazarında qiymətlərin sabitləşməsinə kömək edəcək tədbirlər görmək lazımdır”, - Novakın hökumət başçısına göndərdiyi məktubda deyilir.

Baş nazirin müavini yanacağa tələbatın artdığı mövsümün yaxınlaşdığını xatırladıb ki, bu da yaz-tarla işləri dövrü, neft emalı zavodlarında nəzərdə tutulan təmir işləri, eləcə də yay tətili ilə bağlıdır.

Müvəqqəti ixrac qadağası artıq razılaşdırılmış Aİİ ölkələri, Monqolustan və Özbəkistana tədarüklərə şamil edilmir.

Rusiyada ilin əvvəlindən Aİ-92 və Aİ-95 markalı benzinin, eləcə də yay dizel yanacağının birja qiymətləri 8-23% artıb. Eyni zamanda topdansatış qiymətlərinin artım tempi xeyli aşağı olub, pərakəndə satışda isə benzin və dizel yanacağı hətta ucuzlaşıb.

Rusiya hökuməti daxili bazarda qiymətləri sabitləşdirmək üçün dəfələrlə benzinin ixracına qadağa qoyub. Belə tənzimləyici tədbir sonuncu dəfə 2023-cü ilin sentyabrında tətbiq olunub, noyabrda isə ixrac qadağasının ləğvi elan edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ