İran Rusiyaya 400-ə yaxın ballistik raket verib

İran Rusiyaya 400-ə yaxın “yer-yer” tipli ballistik raketlər təhvil verib. Bu barədə “Reuters” altı anonim mənbəyə istinadən məlumat yayıb.

Agentliyin üç həmsöhbətinin sözlərinə görə, bura “Fateh-110” ailəsindən olan qısa mənzilli raketlər daxildir. Onlar 300-700 kilometr məsafədəki hədəfləri vura bilirlər.

“Reuters”in mənbələrinə görə, tədarüklər 2024-cü ilin yanvar ayının əvvəlində başlayıb. İran hərbi rəsmisi anonim olaraq agentliyə bildirib ki, ən azı dörd raket partiyası Rusiya Federasiyasına çatdırılıb. O əlavə edib ki, yaxın həftələrdə daha çox tədarüklər gözlənilir.

Digər hərbçi bildirib ki, raketlər Xəzər dənizi və təyyarə ilə Rusiyaya çatdırılır. “Daha çox təchizat olacaq. Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, o əlavə edib. Oktyabr ayında BMT Təhlükəsizlik Şurasının İranın bəzi raketlər, pilotsuz təyyarələr və digər texnologiyaların ixracına məhdudiyyətlər qoyan qətnaməsinin müddəti başa çatıb.

Rusiya hərbçiləri 2022-ci ilin payızından Ukraynaya zərbələr endirmək üçün İran istehsalı olan kamikadze dronlardan istifadə edirlər. Həmin ilin oktyabrında “The Washington Post” yazıb ki, İran Rusiyanı ballistik raketlərlə təchiz etməyə başlaya bilər.

2024-cü il yanvarın əvvəlində “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən yazıb ki, Rusiya İrandan qısa mənzilli ballistik raketlər almağı planlaşdırır. Təxminən eyni vaxtda Rusiya hərbçilərinin Şimali Koreya raketlərindən istifadə etməyə başladığı məlum olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ