Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırdı

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Sanksiyaların fevralın 24-də, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ikinci ildönümündə təsdiqlənməsi planlaşdırılır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen əldə olunan razılaşmanı şərh edərək, Avropa İttifaqının “Putinin döyüş maşını”nı zəiflətməyə davam etməli olduğunu yazıb. O həmçinin əlavə edib ki, yeni sanksiyalar paketi Rusiyanın pilotsuz təyyarələrə çıxışını məhdudlaşdıracaq.

Öz növbəsində, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin sanksiyalar siyahısına 200 fiziki və hüquqi şəxsi əlavə ediləcəyinə aydınlıq gətirib. “Bu paketlə biz müdafiə və hərbi sektorlarda sanksiyalardan yayınma ilə məşğul olan təşkilatlara qarşı daha çox tədbir görürük”, deyə o bildirib.

“Bloomberg”in daha əvvəl məlumat verdiyi kimi, Rusiyadan olan təxminən 55 şirkət və 60 nəfər Rusiya müdafiə müəssisələrinə silah istehsalı və ya əsas texnologiyalar və elektron komponentlərin tədarükü ilə bağlı məhdudiyyətlərə məruz qalacaq.

Avropalı diplomatlar “Politico” ilə söhbətdə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketini “simvolik” adlandırıblar, çünki “daha ​​güclü məhdudiyyətlər” üçün “daha çox vaxt” lazımdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ