Ukrayna Avdeyevkanı itirdi

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna qoşunlarının Donetsk vilayətinin Avdeyevka şəhərindən çıxarıldığını açıqlayıb.

“Avdeyevka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək, hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq üçün mən bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli xətlərdə müdafiəyə keçmək qərarına gəldim”, - Sırski yazıb.

Sırski bildirib ki, Ukrayna hərbçiləri “vəzifələrini ləyaqətlə yerinə yetirib” və Rusiya ordusuna “əhəmiyyətli canlı qüvvə və texnika itkiləri” veriblər.

“Hərbi qulluqçuların həyatı ən yüksək dəyərdir. Onsuz da Avdeevkanı qaytaracağıq”, – Sırski əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” qrupunun komandiri Aleksandr Tarnavski də Ukrayna qoşunlarının “əvvəlcədən hazırlanmış mövqelərə” çəkildiyini açıqlayıb. “Düşmən davamlı bombardman altında öz əsgərlərinin cəsədləri üzərində irəlilədiyi bir vəziyyətdə, bu, yeganə düzgün qərardır”, deyə Tarnavski yazıb.

Donetskdən təxminən 15 kilometr aralıda yerləşən, müharibədən əvvəl 30 mindən az insanın yaşadığı Avdeyevka şəhəri uğrunda döyüşlər bir neçə ay davam edib. Rusiya ordusu 2023-cü ilin oktyabrından bu istiqamətdə aktiv hücuma başlayıb.

15 fevral 2024-cü ildə Rusiya qoşunları Avdeyevkanın əsas girişini ələ keçiriblər. “The Washington Post” qəzeti daha əvvəl yazıb ki, Ukrayna qoşunlarını şəhərdən qismən çıxarmağa başlayıb. Fevralın 16-da Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavski də Ukrayna qüvvələrinin Avdeyevkadan geri çəkildiyini elan edib.

Aleksandr Sırski fevralın 8-də Valeri Zalujnı əvəz edərək Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olub. “Politico” qeyd edib ki, Sırskinin hərbçilər arasında heç bir nüfuzu yoxdur, onların çoxu onu əsgərlərin həyatına etinasızlıq göstərdiyinə görə qınayır və onu “qəssab” adlandırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ