Şarl Mişel qərarını dəyişdi. İstefa verməyəcək

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 2024-cü ilin iyulunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etməmək qərarına gəlib. Mişel qərarını Facebook səhifəsində açıqlayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsində qalmaq qərarı onun vaxtından əvvəl istefa vermə ehtimalının yaratdığı “güclü reaksiya” ilə bağlı olub.

“Mənim seçimim mediada spekulyasiyalara səbəb olub. Mənim yanaşmamın xarakterini nəzərə alaraq bəzi hadisələri əvvəlcədən görmüşdüm. Lakin bu, həm də Avropa Şurası daxilində deyil, onun hüdudlarından kənarda güclü reaksiyaya səbəb oldu”, Mişel yazıb.

O həmçinin əlavə edib ki, onun qərarının Avropa İttifaqında birliyə heç bir zərər vurmasını istəmir və buna görə də seçkilərdə iştirakdan imtina edib: “Mən hazırkı öhdəliklərimi başa vurana qədər dacam etdirəcəm”.

Şarl Mişelin Avropa İttifaqı Şurasının prezidenti kimi səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır.

Şarl Mişel 2024-cü il yanvarın əvvəlində Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb. Avropa Şurasının rəhbəri və Avropa Parlamentinin deputatı vəzifələri eyni vaxtda icra oluna bilməz, bu səbəbdən Mişel seçiləcəyi təqdirdə vəzifəsini vaxtından əvvəl tərk edəcəkdi. Şarl Mişelin qərarı Avropa liderlərinə əlavə təzyiq yaratmışdır, çünki onlar onun varisini həmişəkindən daha qısa müddət ərzində razılaşdırmağa məcbur olacaqdırlar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ