Cənubi Afrikanın İsrailə qarşı iddiasına baxan Beynəlxalq Ədalət Məhkəməsi yəhudi dövlətinə Qəzza zolağında soyqırımın qarşısını almaq üçün dərhal tədbirlər görməyi öhdəliyi verib. Bu barədə CNN məlumat yayıb.
Məhkəmə qərarı İsraili aşağıdakı tədbirləri görməyə məcbur edir:
→ soyqırım sayıla biləcək hər hansı hərəkətlərin qarşısını almaq;
→ İsrail ordusunun soyqırım aktları törətməməsini təmin etmək;
→ soyqırıma təhrik kimi qiymətləndirilə bilən hər hansı ictimai şərhin qarşısını almaq və cəzalandırmaq;
→ Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək.
Həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin rəhbəri Coan Donoqu qeyd edib ki, İsrail soyqırım işində istifadə oluna biləcək sübutların məhv edilməsinin qarşısını almalıdır. Məhkəmənin qərarından sonra bir ay ərzində İsrail nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabat təqdim etməli olacaq.
Bununla belə, məhkəmə müvəqqəti tədbir kimi Qəzza zolağında atəşkəs tələb etməyib.
Eyni zamanda, məhkəmə HƏMAS tərəfindən saxlanılan israilli girovların taleyi ilə bağlı “ciddi narahatlıq” ifadə edib və onların dərhal azad edilməsinə çağırıb.
Məhkəmənin soyqırımın qarşısının alınması və hərbçilərin soyqırımı törətməyəcəyinə zəmanət verilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı qərarını 17 hakimdən 15-i, humanitar yardım və soyqırıma çağırışa görə cəzalandırma haqqında qərarları isə 16 hakim dəstəkləyib.
İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə qərarından sonra deyib ki, İsrail bu “alçaq cəhdi” rədd edir və HƏMAS-la mübarizəni davam etdirəcək. Netanyahu bildirib ki, İsrail fələstinlilərə deyil, terrorçulara qarşı müharibə aparır və mülki şəxslərə humanitar yardımla bağlı kömək etməyə davam etməyi planlaşdırır.
Beynəlxalq Məhkəmənin bu iclasda qəbul etdiyi qərar müvəqqəti hesab olunur – hələlik söhbət iş üzrə yalnız müvəqqəti tədbirlərdən gedir. Ekspertlər qeyd edirlər ki, yekun qərar bir neçə il çəkə bilər.
• Cənubi Afrika Respublikası 2023-cü ilin dekabr ayının sonlarında Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb və İsraili Qəzza zolağında fələstinlilərə qarşı “soyqırım törətməklə” ittiham edib.
• İddia ilə çıxış edən Cənubi Afrika Respublikası İsrailin Qəzza zolağında hərbi əməliyyatlarının dayandırılmasını, fələstinlilərin evlərindən çıxarılmasına son qoyulmasını və soyqırımın qarşısının alınması üçün “bütün ağlabatan addımların” atılmasını tələb edib. İsrail ittihamları rədd edir və beynəlxalq hüquqa uyğun olaraq HƏMAS-a qarşı müharibə apardığını təkid edir.
• Hər iki tərəfin öz mövqelərini təqdim etdiyi iddia üzrə dinləmələr 8-14 yanvarda baş tutub. İndiyə qədər Beynəlxalq Ədalət Məhkəməsi heç vaxt soyqırımına görə konkret dövləti məsuliyyətə cəlb etməyib.