Yanvarın 22-də Qəzza zolağında yaraqlıların hücumu nəticəsində İsrail ordusunun 21 əsgəri həlak olub.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilir ki, hücum Qəzza zolağının mərkəzində, İsrail sərhədindən təxminən 600 metr aralıda baş verib. Burada İsrail hərbçiləri bufer zona yaratmaq məqsədilə ikimərtəbəli binanı partlatmaq üçün minalayıblar.
Saat 16:00 radələrində (Bakı vaxtı ilə 17:00) yaraqlılar binaların yaxınlığında yerləşən tanka qumbaraatandan atəş açıblar və ehtimal ki, bununla binada quraşdırılan partlayıcı qurğunu işə salıblar. Nəticədə içərisində İsrail hərbçilərinin olduğu bina uçub. Hadisənin səbəbləri hələ də araşdırılır.
İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari hücum zamanı 21 İsrail əsgərinin öldüyünü təsdiqləyib. “The Times of Israel” qeyd edir ki, bu, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ən böyük itkidir. Nəşrin mənbələri dəqiqləşdirib ki, hücum nəticəsində bir neçə əsgər yaralanıb, onlardan ən azı birinin vəziyyəti ağırdır.
“The Times of Israel” həmçinin yanvarın 22-də cənub sektorunda gedən döyüşlər zamanı daha üç İDF əsgərinin həlak olduğunu yazır. Beləliklə, bir gündə İsrailin itkiləri 24 nəfər təşkil edib. Ümumilikdə, İDF əməliyyat başlayandan bəri 219 hərbçisini itirib.
İsrailin baş naziri Benyamin Netanyahu 22 yanvarı “müharibənin başlayandan ən çətin günlərdən biri” adlandırıb. O, həlak olanların ailələrinə başsağlığı verib və həmçinin bildirib ki, İDF hadisə ilə bağlı araşdırma aparır. “Biz lazımi dərsləri öyrənməli və döyüşçülərimizin həyatını qorumaq üçün hər şeyi etməliyik” deyən Netanyahu, İsrailin “tam qələbəyə qədər” mübarizəni davam etdirəcəyini bildirib.
HƏMAS terrorçuları oktyabrın 7-də İsrailə hücum edərək 1200-ə yaxın adamı öldürüb, 240 nəfəri girov götürüblər. Hücuma cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hava zərbələri endirib, daha sonra quru əməliyyatına başlayıb. HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, Yaxın Şərqdə münaqişənin yeni gərginləşməsi nəticəsində 20 mindən çox fələstinli həlak olub.
Noyabrın 24-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS yaraqlıları ilə müharibədə müvəqqəti atəşkəs imzalayıb. Razılaşmanın şərtlərinə görə, yaraqlılar 81 israillini və sazişdən kənar digər ölkələrin 24 vətəndaşını azad ediblər. Bunun müqabilində İsrail hakimiyyəti 210 fələstinlini həbsdən buraxıb. Dekabrın 1-də İsrail hərbçiləri Qəzza zolağında döyüşləri bərpa edib. Dekabrın 15-də məlum olub ki, İsrail ordusunun əsgərləri Qəzzanın şimalındakı Şecaya bölgəsində gedən döyüş zamanı səhvən üç israilli girovu güllələyiblər.