Pakistan İranla münasibətlərin kəskinləşməsi fonunda ordusunu hazır vəziyyətə gətirib.
Bu barədə “Reuters”ə Pakistan təhlükəsizlik xidmətinin yüksəkvəzifəli nümayəndəsi bildirib.
“Pakistan Silahlı Qüvvələri son dərəcə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, - agentliyin məlumatında deyilir.
Mənbə əlavə edib ki, Pakistan İran tərəfinin istənilən yanlış addımına güc yolu ilə cavab verəcək.
Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib.