Husilər kimlərdir? ABŞ və Britaniya niyə onları bombalamağa qərar verdilər?

Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya silahlı qüvvələri Yəməndə husilərin hərbi infrastrukturuna hava zərbələri endirib - husilərin Qırmızı dənizdə İsrailə gedən ticarət gəmilərinə hücumlarına cavab olaraq. Buta.media husilər və münaqişənin böyüməsinin səbəbləri ilə bağlı əsas suallara cavab verir.

Bəs husilər kimlərdir?

Bu, 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlatmış və paytaxt Səna şəhəri də daxil olmaqla, ölkənin şimal-qərbindəki böyük ərazilərə nəzarəti ələ keçirmiş qəbilə və dini birlikdir. Onlar şimal-qərbdə yerləşən Saad vilayətindən (muhafazah) gəliblər və 8-ci əsrdə Ərəb xilafətində formalaşmış İslamda şiə cərəyanlarından biri olan Zeydi məzhəbinin (zeydilər) ardıcıllarını təmsil edirlər. Yəmən əhalisinin təxminən dörddə biri zeydidir (əhalinin üçdə ikisi sünnidir).

Husilər öz fəal hissələrini 2004-cü ildə növbəti silahlı qarşıdurma zamanı ölən imam Əl-Husinin şərəfinə adlandırırlar. Bu arada niyə növbəti qarşıdurma - çünki Şimali və Cənubi Yəmən 1990-cı ildə birləşdikdən sonra husilər, daha doğrusu onları təmsil edən “Ənsar Allah” hərəkatı ölkə hakimiyyəti ilə dəfələrlə vətəndaş qarşıdurmasına girib və bu, 2014-cü ildə Sənanın ələ keçirilməsi ilə başa çatıb.

Onlar həmişə Qərb dövlətləri və İsraillə düşmənçilik ediblər. Husilərin təlimi və silahlanması, o cümlədən pilotsuz təyyarələr və ballistik raketlər (və onların yerli istehsalı üçün komponentlər) kimi yüksək texnologiyalı silahların tədarükü, qəbilənin əsas müttəfiqləri: şiə İranı və onun Livandakı nümayəndəsi olan “Hizbullah” hərəkatı tərəfindən idarə olunur.

2021-ci ilə qədər Birləşmiş Ştatlar “Ənsar Allah”ı terror qruplaşması hesab edirdi. Rəsmi versiyaya görə, bu status vətəndaş müharibəsindən əziyyət çəkən Yəmən əhalisinin ərzaq və yanacaq təchizatına çıxışı olsun deyə qaldırılıb. 2023-cü il noyabrın ortalarında Co Bayden administrasiyası Qırmızı dənizdəki eskalasiya səbəbindən husiləri yenidən terrorçular kimi tanımağı nəzərdən keçirdiyini açıqlayıb.

ABŞ və Böyük Britaniya niyə husilərin infrastrukturunu bombalamağa qərar verdilər?

Aviazərbələrin bilavasitə səbəbi husilərin yanvarın 11-də Ədən körfəzinə gəmi əleyhinə ballistik raket atması olub. Amerika rəsmiləri bildiriblər ki, bu, 19 noyabr 2023-cü ildən bəri ticarət gəmilərinə edilən 27-ci hücumdur. Qırmızı dənizdən keçərək İsrailə gedən gəmilərə hücumlardan əlavə husilər həmçinin onları ələ keçirməyə cəhd ediblər. Hücumlar əsasən Yəmən sahilləri boyunca gəmilərin Hind okeanından dənizə daxil olduğu Bab əl-Məndəb boğazı ərazisində baş verib. Onların əksəriyyəti uğursuz olub, lakin noyabr ayında husilər israilli iş adamı Rami Unqarın “Ray Shipping Group” şirkətinə məxsus gəmini ələ keçirə biliblər.

Husilər niyə bu gəmilərə hücum etmək qərarına gəliblər?

İsraillə müharibədə HƏMAS-ı dəstəkləmək üçün. Husilər rəsmi olaraq İsraili özlərinə düşmən hesab edirlər. İsrail ordusunun Qəzza zolağında əməliyyatının başlamasından sonra “Ənsar Allah”ın sözçüsü Yəhya Sari televiziya çıxışı zamanı husilərin “Fələstindəki məzlum qardaşlarımıza dəstək olaraq” İsrailə zərbələr endirməyə başlayacaqlarını bildirib. Onun sözlərinə görə, bu zərbələr “İsrail təcavüzü dayanana qədər” davam edəcək.

Husilər həqiqətən İsrailə hücum edə bilərmi?

Teorik olaraq - bəli. Husilər maye yanacaqla işləyən və 1950 kilometrə qədər uçuş məsafəsinə malik olan mənzilli raketə sahib olduqlarını iddia edirlər. Bu, İsrailə “çatmaq” üçün kifayətdir: Yəmən və İsrail ən yaxın nöqtələrində təxminən 1580 kilometr məsafədə yerləşirlər, aralarında Səudiyyə Ərəbistanı var. Bundan əvvəl husilər Yəməndə müxaliflərin tərəfində vuruşan Səudiyyə Ərəbistanının mərkəzi bölgələrinə dəfələrlə zərbələr endiriblər - hətta ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi ilə qorunan neft obyektləri də vurulub.

Husilər 2023-cü ilin sonlarında İsrailin cənubundakı Eylat şəhərinə bir neçə dəfə zərbə endirməyə cəhd ediblər, lakin İsrail və müttəfiqləri raket hücumunu dəf ediblər. Oktyabrın 19-da ABŞ ordusu bildirib ki, Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmines husilərin İsrail istiqamətində atdığı qanadlı raketləri və pilotsuz təyyarələri ələ keçirib. Oktyabrın 31-də husilərin özləri İsrailə ballistik raketlər və pilotsuz təyyarələrlə hücum etdiklərini elan ediblər. Dekabrın 6-da isə İsrail ordusu “Strela” (Hetz) zenit-raket kompleksinin Qırmızı dəniz üzərində Husilərin növbəti raketini ələ keçirdiyini bildirib.

Husilər necə bu qədər gücləndilər ki, bütün Yaxın Şərq regionunda “oyunçu” oldular?

Onların indiki nüfuzlu statusunun başlanğıc nöqtəsi 2011-ci ilin “ərəb baharı” hesab oluna bilər. Daha sonra Yəməndə xalq üsyanı nəticəsində ölkəni təxminən otuz il idarə edən və husiləri hərbi genişlənmədən saxlayan prezident Əli Abdulla Saleh tutduğu vəzifədən istefa verməyə məcbur oldu. Onun yerinə gələn Abd Rabbu Mansur Hadi ABŞ-ın dəstəyi ilə Yəmənin federal dövlətə çevriləcəyi islahatların müzakirəsinə başladı. 

Husilər bu planla razılaşmadılar. 2014-cü ildə Yəmən hakimiyyəti əhali üçün yanacaq subsidiyalarını azaldarkən, ölkədə yenidən etirazlar baş qaldırdı - husilər şimal-qərbdəki tarixi ərazilərində hökuməti devirdilər (Hadi ölkənin şərqinə nəzarəti saxladı). 2015-ci ildə Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri vətəndaş müharibəsinə Hadinin tərəfində müdaxilə etdi. Bu, Yəməndə humanitar fəlakətə səbəb oldu - lakin Hadiyə üsyançı ərazilər üzərində hakimiyyəti bərpa etməyə kömək etmədi. Husilər həmçinin İran tərəfindən dəstəklənirdi: İslam Respublikası onları raketlər və pilotsuz təyyarələr də daxil olmaqla silahlarla təmin etməyə başladı. Onlar Səudiyyə Ərəbistanı və BƏƏ ordularının hücumlarını dəf etməklə yanaşı, nəzarət etdikləri əraziləri də genişləndirə bildilər.

Son zamanlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına başlaması ilə əlaqədar ölkədə hərbi əməliyyatların intensivliyi azalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ