Medvedev Britaniyanı müharibə ilə hədələdi

Rusiyanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın Böyük Britaniya ilə müharibə vəziyyətinə düşəcəyi şərtləri açıqlayıb.

“Ümid edirəm ki, bizim əbədi düşmənlərimiz, təkəbbürlü britaniyalılar başa düşürlər ki, öz rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elan etmək demək olacaq”, - o öz bloqunda yazıb. Böyük Britaniyanın baş naziri Rişi Sunakın Ukrayna ilə təhlükəsizlik sazişi imzalamaq üçün Kiyevə gəlməsini Medvedev belə şərh edib.

Bu gün məlum olub ki, Böyük Britaniya Ukrayna ilə hərbi dəstək və uzunmüddətli təhlükəsizlik zəmanəti ilə bağlı ikitərəfli saziş bağlayan ilk Qərb ölkəsi olacaq. Sunak müvafiq sazişi imzalamaq üçün bu gün Kiyevə uçub; G7 ölkələri NATO-nun ötən ilin yayında Vilnüsdə keçirilən sammitində Ukrayna ilə belə sazişlər bağlamağa razılaşıblar.

Sunak bildirib ki, razılaşmaya əsasən, Rusiya gələcəkdə Ukraynaya yenidən hücum edərsə, Britaniya Ukraynaya “sürətli və davamlı dəstək” verəcəyini öhdəsinə götürəcək. Baş nazirlik bu sazişi iki ölkə arasında “sarsılmaz 100 illik tərəfdaşlığın” inkişafı yolunda ilk addım adlandırıb. Bundan əlavə, Böyük Britaniya bu il Ukraynaya 2,5 milyard funt sterlinq (3,2 milyard dollar) hərbi yardım ayıracaq. Bu, müharibənin ilk iki ilinin hər birindən 200 milyon funt-sterlinq (256 milyon dollar) çoxdur.

Vəsait həmçinin uzaq mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, mərmilər və dəniz təhlükəsizliyi üçün istifadə olunacaq. London Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyə, kibertəhlükəsizlik sahəsində kömək etməyə, hərbi personal və hərbi həkimlərə təlim keçməyə davam edəcək. Ötən il Ukrayna Silahlı Qüvvələrinin 30 minə yaxın əsgəri Böyük Britaniyada təlim kurslarını bitirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ