Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayacaq

Finlandiya hökuməti Rusiya ilə quru sərhədindəki keçid məntəqələrinin daha bir ay - 2024-cü il fevralın 11-dək bağlı qalması barədə qərar verib. Bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, “şərq sərhədində mütəşəkkil miqrasiyanın bərpası riski Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayiş üçün ciddi təhlükə yaradır”.

Daxili işlər naziri Mari Rantanen bildirib ki, mövcud vəziyyət Finlandiyada yaşayan rusiyalılara və digər ölkələrin pasportu olanlara mənfi təsir göstərir. Bununla belə, nazirin sözlərinə görə, Rusiya tərəfindən heç bir dəyişiklik baş verməyib və “hibrid təsir” təhlükəsi qalmaqdadır.

“Milli təhlükəsizlik Finlandiya üçün kritik problem olaraq qalır”, - deyə o vurğulayıb.

Finlandiya noyabrın ortalarında Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Ölkə hakimiyyəti bu qərarını keçid məntəqəsinə Rusiya tərəfdən gələn və sığınacaq istəyən miqrantların (əsasən Yaxın Şərq ölkələrindən) axını ilə izah edib.

Noyabrın 30-da Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ