Somalidə qiyamçılar BMT-nin helikopterini qaçırıblar

Somalidə “Əş-Şəbab” qruplaşmasının üzvləri bir neçə əcnəbini daşıyan Birləşmiş Millətlər Təşkilatının helikopterini qaçırıblar. Bu barədə “Reuters” agentliyinə yerli hərbi rəsmi məlumat verib. Qalmuduq Regional Təhlükəsizlik Naziri Mohamed Abdi Adan “BBC News”a helikopterin qaçırıldığını təsdiqləyib.

BMT-nin helikopteri Somalinin mərkəzindəki Beledveyn şəhərindən havaya qalxaraq, hökumət qüvvələri ilə “Əş-Şəbab” qüvvələrinin təmas xəttinin yaxınlığında yerləşən Visil şəhərinə doğru istiqamətlənmişdi. Havaya qalxdıqdan qısa müddət sonra qruplaşmanın nəzarət etdiyi ərazidə problem yarandığı üçün təyyarə təcili eniş edib.

Helikopter tibbi ləvazimat daşıyırdı və Qalmuduqdan yaralı əsgərləri götürməli idi. “Reuters” nəşrinin məlumatına görə, təyyarədə iki somalili və bir neçə əcnəbi olub.

Nəşrin BMT-dəki mənbəsi helikopterin Somaliyə yardım missiyasına aid olduğunu və ekipajda beş əcnəbi olduğunu bildirib. “Reuters”in BMT-dəki digər iki mənbəsi isə təyyarədə cəmi 9 sərnişinin olduğunu açıqlayıb. 

BMT helikopterin qaçırılması ilə bağlı xəbərləri hələ şərh etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ