İran Rusiya üçün “Şahed-107” adlı yeni pilotsuz uçuş aparatı hazırlayıb. Bu barədə Britaniyanın “Sky News” telekanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, bu, hücum və kəşfiyyat xarakterli pilotsuz təyyarədir.
Kanalın həmsöhbətinin sözlərinə görə, yeni ixtira “Şahed-101” V formalı quyruğu olan PUA-lar ailəsinə aiddir. Pilotsuz təyyarənin uzunluğu təxminən iki metr yarım, qanadları üç metrdir. PUA-nın avtomobildən buraxıla biləcəyi və onun uçuş məsafəsinin təxminən 1500 kilometr təşkil edəcəyi ehtimal olunur. “Sky News” qeyd edir ki, dron video yaymaq üçün ötürücü, həmçinin mühüm hədəflərin axtarışı texnologiyası ilə təchiz olunub.
Kanalın həmsöhbəti iddia edir ki, iranlı və rusiyalı mütəxəssislər yeni pilotsuz uçan aparatını sınaqdan keçiriblər. İran artıq Rusiya ordusuna iki milyon dollardan çox qiymətə “bir neçə ədəd” pilotsuz təyyarə almağı təklif edib.
“Sky News”un Ukraynadakı mənbəsi bildirib ki, yeni pilotsuz təyyarənin hazırlanması ilə bağlı iddia “çox güman ki, doğrudur”. “Bizim sözügedən pilotsuz təyyarələrin mümkün tədarükü ilə bağlı böyük narahatlıqlarımız var”, - mənbə bildirib.
Rusiya Müdafiə Nazirliyi və İran Xarici İşlər Nazirliyi hələlik jurnalistlərin sorğularına cavab verməyib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisinə hücumlar üçün İran istehsalı olan “Şahed-131” və “Şahed-136” (Rusiyada onların adı dəyişdirilərək “Geran-1” və “Geran-2” olub) kamikadze-dronlarından aktiv şəkildə istifadə edir.
Rusiyalı jurnalistlərin və Ukrayna tərəfinin məlumatına görə, Rusiya Tatarıstanda “Şahed” pilotsuz uçuş aparatlarının istehsalını qurub. “Washington Post” yazır ki, 2025-ci ilin yayına qədər Rusiya Tatarıstanda altı mindən çox pilotsuz təyyarə istehsal etməyi planlaşdırır.