Şarl Mişel vəzifəsini tərk edir. Onu kim əvəzləyəcək?

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etmək niyyətini açıqlayıb. Mişel qərarı ilə bağlı Belçikanın “De Standaard”, “Le Soir” və “La Libre” qəzetlərinə məlumat verib.

“Mən 2024-cü ildə keçiriləcək Avropa seçkilərində namizəd kimi iştirak etmək qərarına gəldim. Seçilsəm, iyulun ortalarında Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa Şurasının prezidenti vəzifəsini icra edəcəm”, - “De Standaard” Mişeldən sitat gətirib.

Şarl Mişelin Avropa Şurasının prezidenti kimi səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır, Avropa Parlamentinə seçkilər isə iyul ayında keçiriləcək. Avropa Şurasının rəhbəri və Avropa Parlamentinin deputatı vəzifələri eyni vaxtda icra oluna bilməz, bu səbəbdən Mişel seçiləcəyi təqdirdə vəzifəsini vaxtından əvvəl tərk edəcək.

Öz növbəsində “Politico” qeyd edir ki, Şarl Mişelin qərarı Avropa liderlərinə əlavə təzyiq yaradır, çünki onlar onun varisini həmişəkindən daha qısa müddət ərzində razılaşdırmağa məcbur olacaqlar. Əgər vahid namizəd təsdiqlənməsə, Avropa Şurasına sədrlik müvəqqəti olaraq Macarıstanın baş naziri Viktor Orbana keçəcək, çünki Macarıstan 2024-cü ilin iyulundan dekabr ayına qədər Aİ Şurasına sədrlik edəcək.

Macarıstanın Baş naziri Viktor Orban

Viktor Orban davamlı olaraq Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinədir. Dekabrda Macarıstanın baş naziri Aİ-nin Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardım ayırmaq qərarına veto qoyub. O, həmçinin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına qarşı çıxıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ