JAL sərnişin təyyarəsinin Yaponiya Sahil Mühafizəsinin nəqliyyat təyyarəsi ilə toqquşması nəticəsində 5 ekipaj üzvü həlak olub.
NHK telekanalının məlumatına görə, Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsi Tokiodakı Haneda Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.
AFP və NHK xəbər verir ki, yanan laynerdən bütün 367 sərnişin və 12 ekipaj üzvü təxliyə edilib.
Kyodo yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb ki, JAL sərnişin təyyarəsi yerə endikdən sonra Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşub. Aviaşirkət bunu təsdiqləyib. JAL təyyarəsinin göyərtəsində 300-dən çox sərnişin olub. Təyyarə Hokkaydodan Tokioya uçurdu.
Sahil Mühafizəsi sərnişin təyyarəsi ilə toqquşan təyyarənin göyərtəsində altı ekipaj üzvünün olduğunu bildirib. Onlardan biri təxliyə edilib.
Yaponiya Sahil Mühafizəsinin təyyarəsi yanvarın 1-də baş vermiş güclü zəlzələdən zərər çəkmiş rayonların sakinləri üçün ləvazimat daşıyırdı.
Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi hadisə ilə bağlı araşdırma apardığını bildirib.