Qazaxıstan “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb

Qazaxıstan hakimiyyəti “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb. Bunu “Kazinform”a müsahibəsində Respublika Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov deyib.

Bu qərarı izah edən agentliyin həmsöhbəti qeyd edib ki, ölkə rəsmiləri siyahıları mütəmadi olaraq yeniləyir.

“Bu prosesin bir hissəsi kimi BMT praktikasına uyğun olaraq “Taliban”ın ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, “Taliban” hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatların siyahısına daxil edilməyib”, - Smadiyarov bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Qazaxıstan “Taliban”la diplomatik əlaqələrin saxlanılması məsələsində BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərar və qətnamələrinə əməl etmək niyyətindədir.

Qazaxıstan Ali Məhkəməsi 2005-ci ilin martında “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısına əlavə edib. Ondan başqa siyahıda daha 21 təşkilat var.

BMT Təhlükəsizlik Şurası 2003-cü ildə “Taliban”ı terror təşkilatları siyahısına daxil edib. Həmçinin, BMT 1999-cu ildə “Taliban”a qarşı sanksiyalar tətbiq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ