Qəzzada beş israilli girovun cəsədi tapılıb. Aralarında general da var

HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürülən beş girovun cəsədi Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərində yeraltı tuneldə tapılıb. Bu barədə dekabrın 24-də axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

HƏMAS-ın dayaq məntəqələrindən sayılan Cəbəliyyədə keçirilən hərbi əməliyyat zamanı İsrail hərbçiləri yaraqlıları gizlətmək, eləcə də silah istehsal etmək və saxlamaq üçün istifadə edilən geniş tunellər şəbəkəsini aşkar ediblər. Terrorçuların yeraltı qərargahı iki səviyyədən ibarət idi - birincisi təxminən on metr dərinlikdə, ikincisi on metrlərlə dərinlikdə. İDF-nin spikeri, kontr-admiral Daniel Həqari bildirib ki, tunel şəbəkəsi İsrailə hücuma rəhbərlik edən HƏMAS-ın Şimal briqadasının komandiri Əhməd Andurun iqamətgahına aparan şaxtaya birləşir. 

İDF əsgərləri tunellərdə oktyabrın 7-də oğurlanmış beş girovun cəsədini tapıblar. Bunlar general Ziv Dado, çavuş Ron Şerman, kapral Nik Beyzer və mülki şəxslər Eden Zaxariya və Elia Toledanodur. Ölənlərin cəsədləri dəfn olunmaq üçün İsrailə təhvil verilib.

İsrail ordusu əlavə edib ki, əməliyyatın sonunda HƏMAS-ın yeraltı qərargahı və tunellər şəbəkəsi məhv edilib. İDF bunun dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.

HƏMAS terrorçuları oktyabrın 7-də İsrailə hücum edərək 1200-ə yaxın adamı öldürüb, 240 nəfəri girov götürüblər. Hücuma cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hava zərbələri endirib, daha sonra quru əməliyyatına başlayıb. HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, Yaxın Şərqdə münaqişənin yeni gərginləşməsi nəticəsində 20 mindən çox fələstinli həlak olub.

Noyabrın 24-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS yaraqlıları ilə müharibədə müvəqqəti atəşkəs imzalayıb. Razılaşmanın şərtlərinə görə, yaraqlılar 81 israillini və sazişdən kənar digər ölkələrin 24 vətəndaşını azad ediblər. Bunun müqabilində İsrail hakimiyyəti 210 fələstinlini həbsdən buraxıb. Dekabrın 1-də İsrail hərbçiləri Qəzza zolağında döyüşləri bərpa edib. Dekabrın 15-də məlum olub ki, İsrail ordusunun əsgərləri Qəzzanın şimalındakı Şecaya bölgəsində gedən döyüş zamanı səhvən üç israilli girovu güllələyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ