Rəsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra erməni siyasətçilərin Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səyləri və 2020-2022-ci illərdəki üçtərəfli sazişlərin ən yüksək səviyyədə səmərəsiz olması ilə bağlı iddialarına cavab olaraq bildirib.
“Bakı ilə İrəvan arasında əsirlərin mübadiləsinə dair son sazişlərin və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın reqlamentinə dair razılaşmanın əhəmiyyətinə baxmayaraq, Rusiyanın məsləhətçi köməyi ilə üç liderin razılaşdığı real delimitasiya işləri 2021-ci ilin noyabrından hələlik işə salınmayıb. Avropa İttifaqının missiyasının gəlişinə görə Ermənistan tərəfi sərhəd zonalarında vəziyyəti sabitləşdirmək üçün KTMT mexanizmlərindən imtina edib”, - M.Zaxarova qeyd edib.
Rusiya XİN nümayəndəsinin sözlərinə görə, yüksək səviyyəli liderlərin yuxarıda qeyd olunan qərarlarının icrasının dayandırılması bəzilərinin iddia etdiyi kimi, Moskvanın siyasətinin deyil, İrəvanın hərəkətlərinin uyğunsuzluğunun birbaşa nəticəsidir.
“Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - Rusiya tərəfinin bütün lazımi yardımı göstərməyə hazır olduğu, aktuallığı və faydalılığı dəfələrlə sübut edilmiş üçtərəfli sazişlərin icrasına qayıtmaq, - M.Zaxarova vurğulayıb.