Maduro Essekibonun Venesuelaya birləşdirilməsi haqqında fərman imzalayıb

Venesuela prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsinin - Essekibo bölgəsinin ölkə tərkibinə daxil edilməsini nəzərdə tutan altı fərman imzalayıb.

Bu barədə Venesuelanın “Ultimas Noticias” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, birinci fərman Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqesin sədrliyi ilə Essekibonun müdafiəsi üzrə Milli Komissiyanın, ikinci sənəd isə Qayana-Essekibo kompleks müdafiə zonasının yaradılmasını nəzərdə tutur. Bundan əlavə, Maduro regionda PDVSA dövlət neft-qaz şirkəti və CVG metallurgiya konqlomeratının filiallarının yaradılması haqqında fərman imzalayıb.

Maduro həmçinin Essekibo da daxil olmaqla, ölkənin yeni xəritəsini təsdiqləyib, həmçinin kapitan Aleksis Rodriqes Kabellonu yeni ştatın rəhbəri təyin edib.

Neftlə zəngin olan Qayana bölgəsinin ilhaqı barədə qərar Venesuelada keçirilən referendumun nəticələrinə əsasən qəbul edilib: ölkə hakimiyyəti iddia edir ki, seçicilərin 95%-dən çoxu Essekibonun ilhaqını dəstəkləyib.

Dekabrın 6-da Qayana prezidenti İrfaan Ali “Associated Press”ə bildirib ki, onun hökuməti artıq müttəfiqlərindən və regional tərəfdaşlarından hərbi yardım istəyib. “Əgər Venesuela ehtiyatsız və avantürist şəkildə hərəkət etməyə davam edərsə, region buna cavab vermək məcburiyyətində qalacaq. Biz məhz bunu edirik”, - prezident bildirib.

Essekibo üzərində Venesuela və Qayana arasında mübahisənin uzun tarixi var. Venesuela ispan müstəmləkəsi dövründə ərazinin ölkə sərhədləri daxilində olduğunu hesab edir və Beynəlxalq Arbitraj Tribunalının 1899-cu il qərarı ilə razılaşmır. Həmin sənədə əsasən Essekibo o vaxt Britaniya Qvianasının (keçmiş Britaniya müstəmləkəsi olan Qayana 1966-cı ildə müstəqilliyini elan edib) bir hissəsi kimi tanınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ