Danimarkada Quranın yandırılması qadağan olundu

Danimarka parlamenti Quran və digər dini müqəddəs mətnlərin yandırılmasını qadağan edən qanunu qəbul edib. Bu barədə Reuters məlumat yayıb.

Qanunun qəbulunun lehinə 94 danimarkalı deputat, əleyhinə isə 77 nəfər səs verib. Yeni qanunun pozulmasına görə cərimə və ya iki ilədək həbs cəzası nəzərdə tutulub.

“Tarix buna görə bizi sərt şəkildə mühakimə edəcək. Bu, söz azadlığının məhdudlaşdırılmasının bizim tərəfimizdən müəyyən edilməsidir, və ya kənardan diktə olunur”, - qanuna qarşı çıxan Danimarka Demokratlar Partiyasının lideri İnqer Stöyberq deyib.

Danimarkanın koalisiya hökuməti yeni qaydaların söz azadlığına cüzi təsir göstərəcəyini və dini başqa yollarla tənqid etməyin qanuni olaraq qaldığını bildirib.

Müvafiq qərar İsveç və Danimarkada bir sıra Quran yandırılmasından sonra qəbul edilib. 2023-cü ilin yayında etirazçılar İraqın Kopenhagendəki səfirliyi qarşısında belə bir aksiya keçiriblər. Danimarka Xarici İşlər Nazirliyi hadisəni pisləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ