HƏMAS terrorçuları İsrailə hücum zamanı qadınları zorlayıb öldürüblər

HƏMAS terrorçuları oktyabrın 7-də İsrailə hücumu zamanı dinc sakinləri öldürüb və qadınları zorlayıblar. Bunu sağ qalan şahidlər, qəsəbələrdə və Supernova festivalında öldürülənlərin cəsədlərini axtaran könüllülər, həmçinin morqlarda ölənlərin şəxsiyyətini müəyyənləşdirən ekspertlər bildiriblər. Onların sözlərinə görə, bəzi qadınlarda çanaq sümükləri sınmış, çoxsaylı qançırlar və kəsik yaraları var ki, bu da zorakılığın olduğunu göstərir. Təcavüzlərdən demək olar ki, sağ qalan olmayıb, yaraqlılar onları başlarına atəş açaraq öldürürdülər. İsrail səlahiyyətlilərinə görə, təcavüz HƏMAS-ın hücum zamanı taktikasının bir hissəsi olub. BBC və “The Sunday Times”ın jurnalistləri belə hallarla bağlı şahidlərdən və İsrail polisinin nümayəndələrindən dəlil toplayıblar. 

İsrail polisi BBC jurnalistlərinə Supernova festivalında qrup zorlamasının şahidi olan qadının (“Şahid S” olaraq adlandırılır) ifadəsinin videosunu təqdim edib. O bildirib ki, bir neçə HƏMAS döyüşçüsü qızı mühasirəyə alıb və onlardan biri onu zorlamağa başlayıb. Daha sonra başqalarına “ötürüb”. Şahidin sözlərinə görə, bu zaman qız sağ idi - ayaq üstə idi, kürəyindən aşağı qan axırdı. Şahid bildirib ki, daha sonra döyüşçülərdən biri qızın saçından tutaraq arxadan bıçaqla sinəsini kəsib. “Onun döşlərini kəsib küçəyə atdılar. Onunla oynayırdılar” şahid deyib. İşgəncələri bitirən HƏMAS döyüşçüləri qızı başından vurublar.

Festivalın iştirakçısı Yoni Saadon “The Sunday Times” qəzetinə deyib ki, hücum zamanı səhnənin altında gizlənməyi bacarıb. Oradan o, səkkiz və ya doqquz HƏMAS yaraqlısının “mələk simalı” bir qadını döydüyünü və zorladığını görüb. Onun sözlərinə görə, zorakılığa məruz qalan qadın qışqırırdı:

“Yetər! Mən sizin etdiklərinizdən öləcəm, sadəcə məni öldürün”. Bitirdikdən sonra silahlılar gülməyə başlayıblar və sonra onun başına atəş açıblar”.

Başqa bir festival iştirakçısı BBC-yə qurbanların qışqırıqlarını eşitdiyini söyləyib. Bəzi qadınlar, ifadəsində deyildiyi kimi, hələ sağ ikən, digərləri isə öləndən sonra zorakılığa məruz qalıb.

Festival yerində və terrorçuların hücumuna məruz qalan qəsəbələrdə həlak olanların cəsədlərinin toplanmasına kömək edən “Zaka” təşkilatının könüllüləri zorlama hallarından da danışıblar. Onlar cırıq paltarlı və beldən aşağı çılpaq çoxlu qadın cəsədi tapdıqlarını bildiriblər. Könüllülərdən biri Beeridə çarpayıya bağlanmış iki qadının cəsədini gördüyünü iddia edir. Onlardan birinin ayağının arasına bıçaq batırılmışdı. BBC qeyd edir ki, bu bəyanatları təsdiq edə bilməz. Jurnalistlər yazır ki, könüllülərin bəzi ifadələri İsrail mediası tərəfindən sorğulanıb.

HƏMAS silahlılarının özləri tərəfindən yayımlanan videolardan birində girov götürülən qız əks olunub. O, qandallı idi və şalvarının arxasında böyük qan ləkəsi var idi. Digər videolarda çılpaq və ya yarıçılpaq geyinmiş qadınların silahlılar tərəfindən aparıldığı göstərilir. Hücum yerindən çəkilən fotolarda qadınların beldən aşağı çılpaq, ayaqları aralanmış və cinsiyyət orqanlarında xəsarət izləri olan bədənləri də əks olunub. “The Sunday Times” xəbər verir ki, bəzi fotolarda qızların çanaq sümükləri sınıb.

İsrail polisi cinsi zorakılıqdan sağ çıxan qadınlarla hələ sorğu-sual etmədiklərini bildirib. Bununla belə, İsrailin qadın hüquqlarının təşviqi naziri May Qolanın sözlərinə görə, onların sayı çox azdır - yaraqlılar tərəfindən zorlanan qadınların əksəriyyəti öldürülür. Qolan zorlamaların ən azı üç şahidi ilə danışıb – terror aktı zamanı qızlar özlərini ölü kimi göstərib, baş verənləri izləyiblər. Onlar hazırda xəstəxanadadırlar və çox ağır psixi vəziyyətdədirlər.

İsrail polisinin baş müfəttişi Yaakov Şabtayın qeyd etdiyi kimi, sağ qalanların çoxu danışmaqda və baş verənləri xatırlamaqda çətinlik çəkirlər. Bəziləri isə gördükləri və ya yaşadıqları barədə heç vaxt şahidlik etməyəcəklər. Hücumdan sonra, o, 18 gənc kişi və qadının “artıq fəaliyyət göstərə bilmədiyi” üçün psixiatriya xəstəxanalarına yerləşdirildiyini söyləyib.

Müstəntiqlər bildirirlər ki, hücumdan sonrakı ilk günlərdə yaraqlılar hələ də İsraildə olarkən bir çox cinayətləri sənədləşdirmək çətin olub. Daha sonra həlak olanların cəsədləri Şura hərbi bazasına aparılıb.

Məhkəmə-tibb qrupunun ehtiyatda olan əməkdaşı, kapitan Maayan (soyadı açıqlanmır) BBC-yə bildirib ki, ekspertlər hər yaşda olan qadın və qızların cəsədlərində açıq-aşkar zorlama əlamətləri - çanaq sümüklərinin qırılması, qançırlar, kəsiklər qeydə alıblar. Şəxsi söhbətlərdə ekspertlər zorlanan və öldürülənlərin sayının “onlarla” olduğunu deyirlər, lakin dəqiq say açıqlamaq çətindir – bəzi qurbanlardan yalnız bədən hissələri qalıb və onlardan qadının zorlandığını müəyyən etmək mümkün deyil.

HƏMAS yaraqlılarının zorlaması ilə bağlı xəbərlərin yayılması və beynəlxalq təşkilatlardan heç bir reaksiyanın olmaması fonunda İsraildə müxtəlif sahələrdə çalışan qadınlardan ibarət ictimai komissiya yaranıb - onlar baş verənlərlə bağlı sübutlar toplayırlar. Komissiyaya İvrit Universitetinin Davis Beynəlxalq Münasibətlər İnstitutunun hüquq üzrə eksperti Kohav Elkayam-Levi rəhbərlik edib. O, zorlamalarda sistemlik gördüyünü və onları təsadüf hesab etmədiyini deyib. “Onlar [HƏMAS döyüşçüləri] aydın əmrlərlə gəldilər. Bu, soyqırım kimi zorlama idi”, - Elkayam-Levi bildirib.

İsrailli hüquq müdafiəçisi və hüquqşünas, professor Rut Halperin-Kaddarinin sözlərinə görə, HƏMAS cinsi zorakılıqdan müharibə silahı kimi istifadə etməyi əvvəlcədən planlaşdırıb. BBC-nin məlumatına görə, İsrail hökuməti əsir götürülən yaraqlıların sorğu-suallarının görüntülərini dərc edib və onlar qadınların zorakılıq məqsədilə təqib edildiyini bildiriblər. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan da təcavüzün HƏMAS-ın strategiyasının bir hissəsi olduğunu deyib.

HƏMAS-ın İsrailə hücumunun təhqiqatında iştirak edən İsrailin kibercinayətkarlıq bölməsinin eksperti David Katz deyir ki, cinsi zorakılığı qəti şəkildə hücum planının bir hissəsi adlandırmaq tezdir, lakin terrorçuların telefonlarından əldə edilən məlumatlar zorlamaların “sistemli” olduğunu göstərir.

ABŞ prezidenti Co Bayden israilli qadınların yaraqlılar tərəfindən zorlanmasını “ağılasığmaz qəddarlıq” adlandırıb. “Qadınların dəfələrlə zorlandığı və bədənlərinin hələ sağ ikən şikəst edildiyi barədə xəbərlər; onların təhqir edilməkləri, HƏMAS terrorçularının qadın və qızlara mümkün qədər çox ağrı və əzab verməsi, sonra isə onları öldürməsi dəhşətdir”, Bayden dekabrın 6-da Bostonda deyib.

BMT daha əvvəl HƏMAS hücumu zamanı cinsi xarakterli zorakılıqlarla bağlı çoxsaylı xəbərlərdən “həyəcanlandığını” bildirib və araşdırmaya başlamağa çağırıb. BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması üçün mübarizəyə həsr olunmuş qurumu olan UN Women-nin bəyanatında deyilir: “Biz bir daha bildiririk ki, israilli və fələstinli bütün qadınların hamı kimi təhlükəsiz və zorakılıqdan azad yaşamaq hüququ var”.

UNICEF də HƏMAS yaraqlıları tərəfindən törədilən zorlamalar barədə danışıb. “İsraildə oktyabrın 7-də baş verən seksual zorakılıq xəbərləri dəhşətlidir. Sağ qalanları dinləmək, dəstəkləmək və onlara qayğı göstərmək lazımdır. İddialar tam şəkildə araşdırılmalıdır” deyə təşkilatın icraçı direktoru Ketrin Rassel yazıb.

İsraildə isə beynəlxalq təşkilatların reaksiyası pislənib. “Oktyabrın 7-də İsrail Holokostdan sonra ən dəhşətli qətliamını yaşayıb. Bu vəhşiliklər İŞİD-in törətdiklərindən daha barbar idi, bəziləri hətta nasistlər dövründəkindən daha ağır idi. <…> Təəssüflər olsun ki, guya qadınları müdafiə edən beynəlxalq təşkilatların susqunluğu qulağımızı kəsir”, - İsrailin daimi nümayəndəsi Gilad Erdan dekabrın 5-də BMT-nin xüsusi sessiyasında deyib.

HƏMAS cinsi zorakılıq iddialarını “əsassız yalanları təbliğ edən sionist kampaniyanın” bir hissəsi adlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ