HƏMAS 13 israilli girovu azad edib

İlk azad edilənlər İsrailə mövsümi iş üçün gələn 12 Tailand vətəndaşı olub. Tailandın baş naziri onların azad olunduğunu təsdiqləyib. Onların ardınca 13 israilli Qırmızı Xaç əməkdaşlarına təhvil verilib.

Girovlar Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə sərbəst buraxılır. Onları İsrail Müdafiə Qüvvələrinin əsgərləri, həmçinin həkimlər və psixoloqlar qarşılayır. Daha sonra azad edilən şəxsləri helikopterlə İsrailin cənubundakı Hatzerim hərbi hava bazasında xəstəxanaya aparacaqlar. Orada onlar ailələri ilə görüşəcək və ən azı iki gün həkim nəzarəti altında qalacaqlar.

İsrail 13 girovun müqabilində bu gün İsrail həbsxanalarında cəza çəkən 39 fələstinlini HƏMAS nümayəndələrinə təhvil verəcək. Onlar bu gün İordan çayının qərb sahilindəki Ofer həbsxanasından buraxılıb və Qırmızı Xaç avtobusu ilə Qəzza sərhədinə aparılıblar.

Hərbi əməliyyatlarda müvəqqəti fasilə cümə günü başlayıb və gələn çərşənbə axşamına qədər davam edəcək. HƏMAS 7 oktyabr hücumunda İsrailin cənubunda götürdüyü 50 girovu dörd gün ərzində azad edəcəyinə söz verib. Beləliklə, Qəzzada qalan girovların sayı 190-a enəcək. İsrail də öz növbəsində terrorizmdə iştirak etdiyinə görə həbs cəzası çəkən 150 fələstinlini, o cümlədən qadınlar və azyaşlıları HƏMAS-a təhvil verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ