İsrail və HƏMAS razılığa gəldilər

İsrail hökuməti HƏMAS-la müvəqqəti atəşkəsin yaradılmasını və israilli girovların bir qisminin fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib.

Bu barədə “Haaretz” baş nazirin ofisinə istinadən məlumat yayıb.

Razılaşmada HƏMAS-ın dörd gün ərzində 50 qadın və uşağı azad etməsi nəzərdə tutulur. Bu müddət ərzində Qəzza zolağında döyüşlər olmayacaq. İsrail buna cavab olaraq 150 fələstinli qadın və yeniyetməni həbsxanalarından azad edəcək.

“Reuters” HƏMAS-ın bəyanatına istinadən bildirir ki, atəşkəs zamanı humanitar yardım, dərman və yanacaq daşıyan yüzlərlə yük maşını Qəzzaya daxil ola biləcək. Həmçinin, Fələstin qrupu iddia edir ki, İsrail atəşkəs dövründə Qəzza zolağının bütün bölgələrində həbslər etməyəcəyinə söz verib.

Öz növbəsində, İsrail hökuməti azad edilən hər 10 əlavə girov üçün hərbi əməliyyatlardakı fasiləni bir gün uzatmağa hazır olduğunu bildirib.

Danışıqlarda vasitəçi qismində Qətər, Misir və ABŞ nümayəndələri çıxış ediblər. Qətər Xarici İşlər Nazirliyi açıqlamasında Qəzza zolağında humanitar fasilənin yaxın 24 saat ərzində elan ediləcəyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ