ABŞ Ukraynaya mərmi tədarükünü azaldıb - “ABC News”

ABŞ hakimiyyəti oktyabrda Fələstin-İsrail münaqişəsi başlayandan bəri Ukraynaya NATO standartlarına uyğun artilleriya mərmilərinin tədarükünü 30%-dən çox azaldıb. Bu barədə “ABC News” adı açıqlanmayan ukraynalı məmura istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Amerika hakimiyyəti Kiyevə Yaxın Şərqdəki münaqişənin ABŞ-ın öhdəliklərinə təsir etməyəcəyinə söz verib, “lakin bu baş verib”.

“ABC News”un qeyd etdiyi kimi, Ukraynada ən vacib döyüş sursatları 155 mm-lik artilleriya mərmiləridir. Mənbənin sözlərinə görə, Ukraynaya bütün tədarükün 60-70%-i onların payına düşür.

Kanalın həmsöhbəti Konqresdə yaranan fikir ayrılıqlarına görə Kiyevə ABŞsilahlarının verilməsindən narahat olduğunu bildirib. 

“Bizim böyük problemlərimiz var... Əsas sursatlar gəlmir”, - Ukrayna rəsmisi bildirib. Onun sözlərinə görə, Ukrayna cəbhədəki mövqeyini itirmək riski ilə üzləşir.

Pentaqonun yüksək rütbəli rəsmisi deyib ki, Ukraynaya tədarükün kəsilməsi Yaxın Şərqdəki münaqişə ilə bağlı deyil. Amerika rəsmisinin sözlərinə görə, yardım paketləri faktiki çatdırılmadan bir neçə həftə əvvəl formalaşır, “buna görə də Qəzzada baş verənlərlə Ukraynada baş verənlər arasında heç bir əlaqə yoxdur”.

Bir gün əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfəri zamanı ABŞ-ın Ukraynaya 100 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb. Pentaqon tədarük edilən sursatların sayını açıqlamasa da, bura, məlumdur ki, bu paketə əsasən 155 mm-lik artilleriya mərmiləri daxildir. Ukrayna prezidenti Vladimir Zelenski yardım paketini şərh edərkən deyib ki, “hal-hazırda daha çox ehtiyac duyulan artilleriya mərmiləridir”.

Ukrayna prezidenti Vladimir Zelenski noyabrın əvvəlində bildirib ki, Fələstin-İsrail münaqişəsinin başlanmasından sonra Ukraynaya artilleriya mərmilərinin tədarükü azalıb. O, tədarükün nə qədər azaldığını açıqlamayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ