“Biz müharibəni bitirməliyik” - Zelenski

Prezident Vladimir Zelenski afrikalı jurnalistlərlə görüşü zamanı deyib ki, Ukrayna Rusiya ilə müharibədə dalana tab gətirə bilməz. Onun sözlərini “İnterfaks-Ukrayna” sitat gətirib.

“Əgər bu dalana dirənmiş və dondurulmuş münaqişədirsə, o zaman tam səmimi deməliyik ki, uşaqlarımız döyüşəcək. Nəvələrimiz də döyüşəcək. Sonradan mütləq döyüşəcək övladlar böyüdəcəyimizi bilə-bilə belə yaşamaq istəyirikmi?”. - Zelenski deyib və izah edib ki, əgər indi “Rusiya öz yerinə qoyulmasa”, o sonradan yeni güclə gələcək.

Eyni zamanda prezident vurğulayıb ki, Ukrayna sülh istəyir və müharibəyə son qoyulmalıdır. “Bəli, bu sonluq fərqli ola bilər, bəzilərinin xoşuna gələ bilər, bəzilərinin xoşuna gəlməyə bilər, amma bu, mütləqdir. Və elə olmalıdır ki, təkcə şərin hücumuna məruz qalan Ukrayna yox, şər özü də zərər görsün. Onda bu, ədalətli olacaq”, - Zelenski bildirib.

“Sülh formulu”ndan danışan Zelenski qeyd edib ki, əgər Rusiya ərazi bütövlüyünə və BMT Nizamnaməsinə hörmətlə bağlı bəndi yerinə yetirib Ukraynadan qoşunlarını çıxarsa, bu, müharibənin sonu olacaq.

“Bəli, bu hələ ədalətin qaytarılması deyil, çünki onların burada etdikləri ilə bağlı tədbir görmək lazımdır. Bu, bütün məsələləri həll etməyəcək, lakin bu, şübhəsiz ki, müharibənin sonu olacaq”, - deyə prezident əlavə edib.

Noyabrın əvvəlində “The Economist” Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə müsahibəni dərc edib.  Zalujnı cəbhədəki vəziyyətin dalana dirəndiyini və Ukraynanın hücumunun isə illərlə davam edə biləcək səngər müharibəsinə çevrilmək təhlükəsi ilə üzləşdiyini bildirib. O qeyd edib ki, uzunmüddətli müharibə Rusiya üçün sərfəlidir, o cümlədən ona görə ki, Qərb müharibədən yorula bilər və Rusiya Federasiyası bu müddət ərzində öz hərbi resurslarını artıra bilər.

Öz növbəsində, prezident Vladimir Zelenski daha sonra cəbhədəki vəziyyəti durğunluq hesab etmədiyini söyləyib. Eyni zamanda o, “Time” nəşrinə müsahibəsində etiraf edib ki, dünyanın bir hissəsi Ukraynadakı müharibəyə öyrəşib və bundan bezib.

Daha sonra Ukrayna ordusunun 2024-cü il üçün döyüş planı olduğunu deyən Zelenski, Ukraynanın bu il döyüş meydanında nəticə göstərməyə çalışacağını bildirib. Bundan sonra Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak 2024-cü ilin Rusiya ilə müharibədə “həlledici” olacağını bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ