Oktyabrın 7-dən Qəzza zolağında gedən döyüşlərdə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin 88 əməkdaşı həlak olub. Bu barədə BMT-nin humanitar təşkilatlarının birgə bəyanatında deyilir.
“Bu, indiyədək bir münaqişədə həlak olan BMT əməkdaşlarının ən çox sayıdır”, - deyə BMT bildirib.
Bəyanatda deyilir ki, İsrail hakimiyyətinin məlumatına görə, İsraildə 1400-ə yaxın adam ölüb, minlərlə insan yaralanıb, aralarında uşaqlar da daxil olmaqla 200-dən çox adam girov götürülüb.
Təşkilatlar həmçinin Qəzza zolağında 3900-ü uşaq olmaqla, təxminən 9500 nəfərin öldüyünü bildirir. Onlar HƏMAS yaraqlılarının nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına istinad edirlər.
“Biz [münaqişə tərəflərini] beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməyə çağırışımızı bir daha təkrar edirik. Biz girov saxlanılan bütün mülki şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımızı təkrar edirik. <...> Əlavə yardım - ərzaq, su, dərman və təbii ki, yanacaq Qəzzaya təhlükəsiz, tez və lazımi həcmdə çatmalıdır. <…> Bizə təcili atəşkəs lazımdır. 30 gün keçdi. Yetər. Buna indi son qoyulmalıdır”, - bəyanatda deyilir.
Sənədi BMT-nin 17 qurumunun nümayəndələri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının direktoru Volker Türk, Beynəlxalq Miqrasiya Təşkilatının direktoru Emi Poup, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel və başqaları imzalayıblar.