Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının “The Economist” jurnalına müsahibəsində “ordunun hücumları dalana dirənib” fikirlərinə münasibət bildirib.
Bunu bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransında deyib.
Zelenski, Ukrayna ordusunun cəbhədəki vəziyyətinin dalana dirəndiyini hesab etmədiyini bildirib və deyib ki, Rusiya səmaya nəzarət edir. Bu səbəbdən ordunun şəxsi heyəti arasında çoxsaylı itkilərin qarşısını almaq üçün qoşunlar planlı şəkildə döyüşlər aparır.
Ukrayna Prezidenti əlavə edib ki, hücumların daha effektiv olması üçün F-16 qırıcılarının Ukraynaya tədarükünü və onları idarə etmək üçün təlimlərdə iştirak edən ukraynalı pilotların ölkəyə geri dönməsini gözləmək lazımdır.
“Hazırda Ukrayna ordusunun texnikası və canlı qüvvəsi hava hücumundan müdafiə (HHM) qüvvələrinin dəstəyi ilə döyüşür, irəliləyir”, - Zelenski bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “The Economist” jurnalına müsahibəsində etiraf etmişdi ki, ordunun hücumları dalana dirənib.
Onun sözlərinə görə, hücumları genişləndirmək və Rusiya ordusunun müdafiə xəttini yara bilmək üçün yeni texnologiyalar lazımdır, əks halda Ukrayna qoşunları cəbhədə irəliləyişə nail ola bilməyəcək.
Komandan onu da əlavə edib ki, Ukrayna ordusunun ilk uğursuz əks-hücum əməliyyatından sonra o, bəzi ordu komandirlərini dəyişib və bir sıra briqadaların hərbçilərini ön cəbhəyə göndərib, lakin heç bir nəticə əldə olunmayıb.