HƏMAS yaraqlıları Qəzza zolağında humanitar infrastrukturdan, o cümlədən Qəzzanın ən böyük xəstəxanası Əl-Şifadan hərbi məqsədlər üçün istifadə edirlər.
Bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqariyə istinadən yazır.
Daniel Həqari bildirib ki, Əl-Şifa altında HƏMAS-ın fəaliyyətini idarə etmək üçün istifadə etdiyi bir neçə yeraltı komplekslər və HƏMAS silahlılarının xəstəxanaya getmədən bu komplekslərə daxil ola biləcəyi tunellər var. Həqarinin iddiasına görə, xəstəxananın özündən tunellərə giriş var.
Bundan əlavə, İsrail ordusunun məlumatına görə, xəstəxananın daxilində İsrailə raket atmaq üçün istifadə edilən HƏMAS nəzarət mərkəzi və silah anbarları var. Həqari həmçinin bildirib ki, HƏMAS yaraqlıları xəstəxananın enerji infrastrukturundan öz məqsədləri üçün istifadə edirlər.
“HƏMAS Əl-Şifa xəstəxanasından öz infrastrukturu üçün qalxan kimi istifadə edir. Xəstəxana ərazisində fəaliyyət göstərən HƏMAS təkcə İsrail vətəndaşlarının həyatını təhlükəyə atmır, həm də Qəzzada günahsız mülki insanları istismar edir”, - Həqari bildirib.
İDF xəstəxana ilə bağlı məlumatın “İsrail ordusu və təhlükəsizlik xidmətlərinin etimad etdiyi mənbələrə” əsaslandığını bildirib. Bu məlumatlar İsrailin digər ölkələrdəki kəşfiyyat tərəfdaşları ilə paylaşılıb.
Öz növbəsində HƏMAS İsrailin ittihamlarını rədd edib və İsrail hərbçilərinin bəyanatlarını “xalqımıza qarşı yeni qətliam törətməzdən öncəki müqəddimə” adlandırıb.
HƏMAS silahlıları oktyabrın 7-də İsrailə hücum edib. İsrail hakimiyyətinin məlumatına görə, 1400 israilli öldürülüb, 200-dən çox insan girov götürülüb. HƏMAS bildirir ki, Qəzza zolağına təxminən üç həftə davam edən cavab hücumlarında 7 mindən çox fələstinli həlak olub.