İsrail və HƏMAS müharibə cinayətləri törədirlər - “Amnesty İnternational”

“Amnesty İnternational” insan haqları təşkilatı bəyanat yayaraq Qəzza zolağında dərhal atəşkəsə çağırıb və həmçinin münaqişənin bütün tərəflərini müharibə cinayətlərində ittiham edib.

“Son iki həftə yarım ərzində biz İsraildə və işğal olunmuş Fələstin ərazilərində ağlasığmaz miqyasda dəhşətin baş verdiyinin şahidi olduq. Qəzza zolağında iki milyondan çox insan fəlakətli humanitar böhrandan sağ çıxmaq üçün mübarizə aparır və mülki əhali arasında itkilərin sayı misilsizdir. Mülki əhalinin müdafiəsi və insanların gələcək əzablarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir”, - “Amnesty İnternational”ın bəyanatında deyilir.

Təşkilatın əsas tələblərinə dərhal atəşkəs, Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılması, HƏMAS yaraqlıları tərəfindən girov götürülənlərin azad edilməsi və İsrail tərəfindən haqsız yerə həbs edilmiş fələstinlilərin azad edilməsi daxildir. Bundan əlavə, təşkilat Qəzza zolağının blokadasına son qoymağa və “İsrailin bütün fələstinlilərə qarşı aparteid sistemini” dağıtmağa çağırıb.

Hüquq müdafiəçiləri münaqişənin bütün tərəflərinin hərbi cinayətlər törətdiyini iddia edirlər. “Amnesty İnternational” HƏMAS və Qəzza zolağındakı digər silahlı qruplaşmaları fərq qoymadan İsrailə raket zərbələri endirməkdə, habelə mülki insanları öldürməkdə və girov götürməkdə ittiham edib. Eyni zamanda insan haqları fəalları İsraili Qəzzada dinc əhalinin kütləvi tələfatına səbəb olan hücumlarda günahlandırıb.

Beynəlxalq Amnistiya Təşkilatının bəyanatına cavab olaraq İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat təşkilatı “antisemit” adlandırıb və onu İsrailə qarşı qərəzli olmaqda ittiham edib. O, həmçinin bildirib ki, “Amnesty İnternational” “özünü insan haqları təşkilatı adlandırmaq üçün mənəvi səlahiyyətə malik deyil”.

“Oktyabrın 7-də körpələr, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 1400-dən çox israillinin öldürüldüyü və 220-dən çox insanın qaçırıldığı HƏMAS terrorçularının törətdiyi vəhşiliklərdən sonra təşkilatın susması “Amnesty İnternational”ın HƏMAS terrorçuları üçün fəaliyyət göstərən təbliğat təşkilatı olduğunu nümayiş etdirir”, – XİN sözçüsü bildirib.

İsrail hakimiyyətinin məlumatına görə, HƏMAS silahlılarının hücumu nəticəsində 1400 ölkə sakini həlak olub, 200-dən çox insan girov götürülüb. HƏMAS bildirir ki, Qəzza zolağında təxminən üç həftə ərzində 7000-dən çox fələstinli həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ