Slovakiya Ukraynaya hərbi yardımı dayandırdı

Ötən gün, oktyabrın 25-də, vəzifəsinin icrasına başlayan Slovakiyanın yeni baş naziri Robert Fiko Bratislavanın bundan sonra Ukraynaya hərbi yardım göstərməyəcəyini bəyan edib.

“Mənim hökumətimin mövqeyi ondan ibarətdir ki, hərbi əməliyyatların dərhal dayandırılması Ukrayna üçün ən yaxşı həll yoludur. Avropa İttifaqı silah təchizatçısından sülhməramlı qüvvəyə çevrilməlidir. 10 il heç bir nəticə vermədən bir-birini öldürməkdənsə, 10 il sülh danışıqları aparmaq daha yaxşıdır”, - deyə Fiko parlamentin Avropa işləri üzrə komitəsinin iclasında bildirib.

Baş nazir Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması ssenarisini də qeyri-real adlandırıb. “Bir ildir ki, bir-birini öldürən ruslar Ukraynadan daha çox ərazi qazanıblar. Beləliklə, bir ildən sonra nə olacağını mənə izah edin. Axı biz görürük ki, hərbi həll yoxdur”, - Fiko əlavə edib.

Bundan əlavə, baş nazir bildirib ki, o, Rusiyaya qarşı yeni sanksiyaların Slovakiya və digər Aİ ölkələrinə təsirini qiymətləndirmədən tətbiqini dəstəkləmək niyyətində deyil. “Pravda” yazır ki, baş nazir Ukraynadakı müharibənin “ukraynalı faşistlərin rus millətindən olan mülki şəxslərə hücumları” nəticəsində baş verdiyi barədə sözlərini də təkrarlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fikonun sözlərini şərh edərkən Slovakiyanın qərarının Ukraynanın silahlanmasına ciddi təsir etməyəcəyini bildirib. “Həqiqətən, Slovakiyanın silah təminatında o qədər də böyük payı yox idi, ona görə də bunun bütün prosesə təsir göstərməsi ehtimalı azdır”, -  “Kommersant” Peskovun sözlərini sitat gətirir.

Öz növbəsində, BBC qeyd edir ki, Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri Slovakiya Ukrayna Silahlı Qüvvələrini aktiv şəkildə silahla təmin edir və silahların tədarükünün logistik zəncirində mühüm həlqəyə çevrilib. Belə ki, Slovakiya “Zuzana-2” haubitsalarını, Mi-17 helikopterlərini və 13 MiQ-29 qırıcısının hamısını Ukraynaya təhvil verib. 2022-ci ilin aprelində Slovakiya S-300 hava hücumundan müdafiə sistemini Kiyevə göndərib.

Slovakiyada sentyabrın 30-da parlament seçkiləri keçirilib və bu seçkilərdə “Kurs - Sosial Demokratiya” partiyası qalib gəlib. Ona əvvəllər iki dəfə ölkənin baş naziri olmuş Robert Fiko rəhbərlik edir. Seçki kampaniyası zamanı o, Ukraynaya hərbi yardıma qarşı çıxacağına söz vermişdi.

Oktyabrın əvvəlində Slovakiyanın müvəqqəti hökuməti Ukraynaya hərbi yardım göndərilməsini dayandırdığını bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ