Ermənistanın əsas vəzifəsi Qərbdən hərbi bazalar açmağı və silah tədarükü tələb etmək yox, regionda uzunmüddətli sülhün bərqərar olmasıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Wall Street Journal”a müsahibəsində deyib.
Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti “Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa” yönəltməyə çağırıb.
“Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”, - Ermənistan KİV-i Paşinyanın sözlərindən sitat gətirir.
Ermənistanın baş naziri qeyd edib ki, o, yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyünə nikbin yanaşır.
Paşinyanın fikrincə, regionun gələcəyi uzun illərdir bağlı olan sərhədlərin və ticarət yollarının açılmasında, o cümlədən Ermənistanın suverenliyinə hörmət şərti ilə Azərbaycan və Türkiyə arasında Ermənistan üzərindən quru əlaqənin qurulmasındadır.