Rusiya və Çin BMT-də ABŞ-ın Qəzza ilə bağlı layihəsinə veto qoyub

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı ABŞ-ın təklif etdiyi qətnamə layihəsinə veto qoyub.

Bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, sənədi on ölkə dəstəkləyib, Rusiya Federasiyası, Çin və Birləşmiş Ərəb Əmirlikləri lahiyəyə qarşı çıxıb. Daha iki ölkə bitərəf qalıb.

ABŞ-ın təklif etdiyi qətnamədə HƏMAS-ın İsrailə hücumu pislənir, həmçinin girovların azad edilməsi və beynəlxalq humanitar hüquqa riayət olunması tələb olunur. Agentlik yazır ki, sənəd atəşkəsə çağırmır, lakin ölkələrin özünümüdafiə hüququnu tanıyır.

Eyni zamanda, “Reuters” aydınlaşdırır ki, sənəd Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə vermək üçün hərbi əməliyyatların dayandırılmasını tələb edir.

Oktyabrın 18-də Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə vermək üçün Braziliyanın hazırladığı hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə layihəsinə veto qoyub. Bundan əvvəl ABŞ diplomatik kanallar vasitəsilə Qəzzaya yardımın çatdırılmasını təşkil etməyə çalışarkən səsvermə iki dəfə təxirə salınıb.

Daha əvvəl BMT Təhlükəsizlik Şurası İsrailə hücum edən HƏMAS hərəkatının qeyd olunmadığı Rusiyanın atəşkəs qətnaməsi layihəsini qəbul etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ