İsrailli həkimlər Yəhya Sinvarın həyatını xilas etdilər. İndi isə İDF onu öldürmək istəyir

İsrail hakimiyyəti hesab edir ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunun əsas təşkilatçılarından biri Qəzza zolağında qruplaşmanın lideri kimi xidmət edən Yəhya Sinvardır. “The Wall Street Journal”ın yazdığına görə, Sinvara hücumu planlaşdırmağa onun uzun illər İsrail həbsxanasında yatması, orada ivrit dilini öyrənməsi, İsrail qəzetlərini oxuması və televiziyaya baxması kömək edib. İndi o, bu bilikdən İsrailə qarşı istifadə edir.

Sinvar 1962-ci ildə o vaxt Misirin nəzarəti altında olan Qəzza zolağındakı qaçqın düşərgəsində anadan olub. Təhsilini Qəzza İslam Universitetində alıb. 1980-ci illərin əvvəllərində o, sonradan HƏMAS-ın silahlı qanadını yaradan qrupların mənşəyində dayanırdı. Sinvar daha sonra İsraillə əməkdaşlıq edən fələstinliləri müəyyən edən təhlükəsizlik xidmətinə rəhbərlik edib.

1989-cu ildə Sinvar iki İsrail əsgərinin və İsraillə əlaqədə şübhəli bilinən dörd fələstinlinin qətlinə görə dörd ömürlük həbs cəzasına məhkum edilib. O, İsraildə həbs edilən HƏMAS-ın ən yüksək rütbəli üzvlərindən biri sayılır.

İsrail həbsxana xidmətinin keçmiş sözçüsü “The Wall Street Journal”a bildirib ki, Sinvar həbsxanada olarkən “israillilərlə saatlarla danışıb, mədəniyyəti öyrənib və İsrail kanallarına aludə olub”. 2008-ci ildə Sinvarda beyin xəstəliyi aşkarlanıb və o, İsrail xəstəxanasında əməliyyat olunub - WSJ həmsöhbətinin sözlərinə görə, həkimlər onun həyatını xilas ediblər.

Sinvar 2011-ci ildə azad edilib. Bu, 1027 fələstinlinin beş il HƏMAS tərəfindən girovluqda saxlanılan İDF əsgəri Gilad Şalitə misli görünməmiş mübadilə çərçivəsində baş verib. Sinvar azad edilən terrorçuların ən yaşlısı olub. WSJ-nin məlumatına görə, İsrail son dəqiqəyə qədər onun mübadilə siyahısına daxil edilməsinə razılıq verib-verməyəcəyinə şübhə edib.

Qəzzaya qayıtdıqdan sonra Sinvar qıs zamanda HƏMAS iyerarxiyasının ən yüksək səviyyəsinə yüksəldi. 2017-ci ildə o, beynəlxalq müşahidəçilərin daha mötədil hesab etdiyi Xalid Məşəli əvəz edərək Qəzza zolağında qrupa rəhbərlik etməyə seçilib.

WSJ yazır ki, HƏMAS-ın Qəzzadakı lideri kimi, Sinvar eyni vaxtda İsraillə qarşılıqlı əlaqədə iki strategiyadan istifadə edib - o, özünü praqmatist kimi göstərə bilərdi, ya da siyasi problemləri həll etmək üçün zorakılığa əl ata bilərdi. 2018-ci ildə verdiyi müsahibədə o, böyük bir müharibənin HƏMAS-ın maraqlarına uyğun olmadığını bildirdi, çünki “heç kim nüvə gücü ilə qarşılaşmaq istəmir”. Bununla belə, 2021-ci ildə HƏMAS yaraqlıları Qüdsdə ərəblər və yəhudilər arasında gərginlik fonunda Qəzzadan İsrail şəhərlərinə iri raket hücumları həyata keçirdilər və bu, 11 günlük genişmiqyaslı qarşıdurmaya səbəb oldu.

Münaqişənin aktiv fazasının bitməsindən qısa müddət sonra İsrailin müdafiə naziri Benni Qantz Sinvarın indi “təhlükəsiz yerdə olmadığını” söylədi. Sivar isə mətbuat konfransı keçirərək evə piyada gedəcəyini dedii. Sinvar təklif etdi ki, Qantz 60 dəqiqə ərzində onun öldürülməsinə göstəriş versin və daha sonra bir saat Qəzza küçələrində yerli sakinlərlə görüşüb şəkil çəkdirdi.

İsraildə 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının İsrailə hücumunun və əsirlərin girov götürülməsinin arxasında Sinvarın dayandığı güman edilir. İsrail ordusunda Fələstin məsələləri üzrə keçmiş kəşfiyyat zabiti Maykl Milşteyn WSJ-yə deyib:

“Mən inanıram ki, [qrupun döyüşçü qanadının lideri Məhəmməd] Deyf bu planı həyata keçirib, lakin əslində bu hücumun arxasında duran beyinlər var - onlardan biri Yəhya Sinvardır. O, həqiqətən israillilərin necə davranacağını, necə düşünəcəyini və necə reaksiya verəcəyini anlayır”.

İsrail ordusu Sinvarı öldürmək niyyətində olduqlarını artıq rəsmən bəyan edib. Oktyabrın 9-da İsrail ordusunun briqada generalı Daniel Haqari “Yəhya Sinvar ölməlidir” deyib. İsrail rəsmilərinin sözlərinə görə, Sivar hazırda Qəzza zolağında yeraltı tunellər şəbəkəsində gizlənir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ