HƏMAS terror hərəkatının nümayəndələri oktyabrın 7-də İsrailə hücumdan sonra Qəzza zolağında əsir götürülən iki qadını azad ediblər.
“The Times of Israel” xəbər verir ki, söhbət Nir Oz qəsəbəsində yaşayan İsrail vətəndaşları, 79 yaşlı Nurit Kuper və 85 yaşlı Yohaved Lifşitsdən gedir. Onların həyat yoldaşları Qəzzada girov olaraq qalır.
HƏMAS yaraqlılarının sözlərinə görə, qadınlar Misir və Qətərin vasitəçiliyi ilə humanitar səbəblərdən azad edilib və qrup onların azadlığa buraxılması müqabilində heç nə tələb etməyib.
İsrailli qadınlar Qəzza zolağının Misirlə sərhədindəki Rəfah sərhəd keçid məntəqəsinə aparılaraq Qırmızı Xaç əməkdaşlarına təhvil verilib.
Bundan əvvəl İsrailin i24news telekanalı Qızıl Xaç Cəmiyyətinin nümayəndələrinin Qətərin vasitəçiliyi ilə Qəzza zolağında ikili vətəndaşlığı olan 50-yə yaxın girovun azad edilməsi barədə razılığa gəldiyini bildirib. Gözlənildiyi kimi, əməkdaşlar oktyabrın 23-ü axşam Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə yola düşəcək və orada girovlarla görüşəcəklər.
“The Wall Street Journal”ın məlumatına görə, terrorçuların Qəzza zolağına yanacaq tədarükünü bərpasını tələb etməsindən sonra 50 əsirin mümkün azadlığa buraxılması ilə bağlı danışıqlar dalana dirənib.
Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail icmalarına daxil olan terrorçular yüzlərlə sakini öldürüb və girov götürüblər. Buna cavab olaraq İsrail Qəzza zolağına zərbələr endirməyə başlayıb və quru əməliyyatına hazırlaşır.
Oktyabrın 23-nə olan məlumata görə, HƏMAS-ın hücumu nəticəsində İsraildə 1400-ə yaxın insan həlak olub, daha 222 nəfər girov götürülüb. Fələstin hakimiyyəti iki həftə ərzində Qəzza zolağına edilən hücumlarda 4000-dən çox insanın öldüyünü bildirib.