Bayden Ukrayna, İsrail və Tayvan üçün 100 milyard dollar istəyəcək

ABŞ prezidenti Co Bayden Konqresdən Ukrayna, İsrail və Tayvana hərbi və digər yardımların göstərilməsi üçün federal büdcədən 100 milyard dolların ayrılmasına razılıq verməsini xahiş etmək niyyətindədir.

CNN və “Reuters”in prezident administrasiyasındakı mənbələrinə istinadən yazdığına görə, Bayden bu barədə Ağ Evin elan etdiyi televiziya müraciətində danışacaq.

“Reuters”iin həmsöhbətləri bildiriblər ki, Bayden Ukraynaya kömək üçün 60 milyard dollar, İsrailə isə 10 milyard dollar istəmək niyyətindədir.

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Respublikaçı Cim Riş jurnalistlərə deyib ki, Bayden niyyəti ilə bağlı xəbərlərdən öyrənib. Bununla belə, Riş Bayden administrasiyasının İsrailə 10 milyard dollar yardım istəmək planlarını eşitdiyini təsdiqləyib.

Bayden administrasiyasının rəsmiləri hələlik bu xəbərləri şərh etməyiblər.

CNN-in istinad etdiyi Kil Universitetinin Dünya İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, ABŞ Ukraynaya ümumilikdə 75 milyard dollar yardım edib.

Daxili siyasi qarşıdurma səbəbindən ABŞ Konqresi Ukraynaya yeni hərbi yardım paketini özündə əks etdirən illik büdcəni hələ də qəbul etməyib. Eyni zamanda həm Ağ Ev, həm də Konqresin hər iki palatası ABŞ-ın Ukraynaya hərtərəfli dəstəyini davam etdirəcəyinə inanırlar.

Amerika mediası mənbələrə istinadən yazıb ki, Bayden administrasiyası Ukrayna və İsrailə yardımı bir paketdə birləşdirməyə hazırlaşır. Belə bir paketin İsraili aktiv şəkildə dəstəkləyən, lakin Ukraynaya yardımı genişləndirməyə hazır olmayan ifrat sağçı nümayəndələri ilə danışıqların daha asan olacağı irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ