İsrail necə yaranıb və niyə ərəblər yəhudi dövlətini məhv etmək istəyirlər?

Müstəqil yəhudi dövlətinin müasir tarixi 1922-ci ildə Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlubiyyətindən sonra başlayıb. Onun ərazisi qaliblər arasında bölünüb və Böyük Britaniya Fələstini idarə etmək üçün Millətlər Liqasından mandat alıb. Sonralar İsrail dövlətinə çevrilən “yəhudi milli yurdunun” təməli belə qoyulub. Böyük dövlətlərin tarixi qərarı qədim xalqa öz milli dövlətinnin olmasının ümidini bəxş edib - iki minillik ərzində dünyanı dolaşdıqdan sonra ilk dəfə. Bu nəticəyə gəlmək asan deyildi: İsrail dövlətini yaradanlar öz ölkələrini yaratmazdan əvvəl hansı maneələrlə qarşılaşacaqlarını təsəvvür belə edə bilmirdilər.

Sionizmin atası

Teodor Hertsl “Luvr” kafesində dostları ilə birgə. Vyana, 1896-cı il.
Foto: Getty Images

Müasir İsrail əsasən sionizmin Avropada yayılması sayəsində yaranıb. Yəhudi xalqının öz tarixi vətənində - İsrail torpağında birləşməsi və dirçəlişinə yönəlmiş hərəkata Avstriya-Macarıstandan olan yəhudi jurnalist və ictimai xadim Teodor Hertsl təsis etmişdi. Hertsl assimilyasiya olunmuş, dünyəvi bir ailədə böyümüşdü, lakin ətrafındakılar arasında tez-tez antisemitizmlə qarşılaşmışdı və yəhudilərə qarşı onilliklər boyu davam edən ayrı-seçkiliyə son qoymaq üçün bir həll yolu tapmaq fikrində idi.

Onun ilk ideyası qeyri-adi və kifayət qədər sadəlövh idi: 1893-cü ildə o, Avstriya yəhudilərinin kütləvi şəkildə xristianlığı qəbul etməsi planını hazırlamışdı. Onlar Teodorun impulsunu qiymətləndirmədilər. Bir il sonra baş verən hadisələr isə Teodora antisemitizmin köklərinin təkcə dini fikir ayrılıqlarında olmadığını başa saldı.

Parisdə Avstriyanın “Neue Freie Presse” qəzetinin müxbiri kimi çalışan Hertsl Fransa ordusunun kapitanı Alfred Dreyfusun məhkəməsini işıqlandırırdı. Yəhudi əsilli bir zabit Almaniya İmperiyasının xeyrinə casusluqda günahlandırıldı, ömürlük sürgünə və alçaldıcı bir ictimai rütbəsi aşağı salınma proseduruna (mülki edam adlandırılırdı) mühakimə olundu. Məhkəmədə iştirak edən jurnalist sonradan xatırlayırdı ki, “yəhudilərə ölüm” şüarını səsləndirən kütləni görmək ona antisemitizmlə mübarizə cəhdinin boşluğunu və mənasızlığını dərk etməyə kömək etdi. Hertsl başa düşdü ki, yeganə çıxış yolu ayrıca yəhudi dövlətinin yaradılmasıdır.

1896-cı ildə o, sionizmin ideoloji əsasına çevrilən “Yəhudi dövləti” adlı proqram xarakterli əsər yazdı. Teodor inanırdı ki, yəhudilər hər yerdə ayrı-seçkiliklə üzləşəcəklər və onların ayrıca əraziyə köçürülməsi antisemitizmin mövcud olduğu bütün Avropa dövlətləri üçün faydalı olacaq. Hertsl yeni dövlətin yeri kimi Fələstini və ya Argentinanı təklif etdi. O, sonuncunun seçimini belə izah edib ki, Latın Amerikası ölkəsi çox zəngin və genişdir, lakin əhalisi azdır və buna görə də ərazilərinin bir hissəsini yəhudilərə əsaslarla vermək yerli hakimiyyət orqanlarının maraqlarına uyğun ola bilər.

“Bazeldə yəhudi dövlətini qurdum”

Teodor Hertsl “İmperator Nikolaus II” paroxodunun göyərtəsində. 1898-ci il.
Foto: Getty Images

“Yəhudi Dövləti”nin nəşrindən bir il sonra, 29 avqust 1897-ci ildə İsveçrənin Bazel şəhərində ilk Sionist Konqresi keçirilib. Hertsl bütün xərcləri öz üzərinə götürmüşdü. Bazel kazinosuna 200-ə yaxın adam toplaşmışdı, onlardan təxminən dörddə biri Rusiyadan gəlmişdi. Konqres iştirakçıları Ümumdünya Sionist Təşkilatını yaradıb və Fələstində yəhudi dövlətinin yaradılması proqramını razılaşdırıblar. Başlamaq üçün tələb olunurdu: kəndlilərin, sənətkarların və sənayeçilərin İsrail torpağına köçürülməsini təşkil etmək; yəhudilərdə milli hissləri oyatmaqla bütün dünyada yəhudi təşkilatları şəbəkəsini inkişaf etdirmək; Avropa güclərini sionist hərəkatını dəstəkləməyin zəruriliyinə inandırmaq.

Çoxları bu hadisəyə skeptik yanaşdı. Rusiyanın İsveçrədəki nümayəndəsi Aleksandr İonin Sankt-Peterburqa məruzə edərək konqresin daha çox yeyib-içmək istəyənlərin “beynəlxalq toplantısı”na bənzədiyini bildirib və sionistlərin məqsədlərini “gerçəkləşməyən və xəyalpərəst fantasmaqoriya” adlandırıb. Hertsl özü də başqa cür düşünürdü. “Bazeldə mən yəhudi dövlətini qurdum. Bu gün bunu yüksək səslə desəydim, məni gülüşlə qarşılayardılar. Amma bəlkə beş ildən sonra, əlli ildən sonra hamı bu həqiqəti anlayacaq”, - deyə o gündəliyində etiraf edib. Hertsl cüzi yanıldı: bu sətirlər yazıldıqdan 50 il 8 ay sonra müstəqil İsrail dövləti yaradıldı.

İlk məskunlaşanlar

Qərb Divarında (Ağlama divarı) Dini Yəhudilər. Qüds, təxminən 1890-cı il
Foto: Getty Images

İlk aliya və ya yəhudi köçkünlərinin ilk dalğası, o zamanlar Osmanlı İmperiyasının bir hissəsi olan Fələstinə hətta Hertslın kitabçası nəşr olunmamışdan əvvəl gəlməyə başlayıb. 1881-ci ildə İmperator II Aleksandrın öldürülməsindən sonra yəhudi qırğınları dalğası Rusiya İmperiyasının cənubunu bürüdü. Bu hadisələr Rusiyadan qaçan yəhudiləri Fələstinə üz tutmağa sövq etdi. Bu prosesə əvvəlcə Bazeldəki konqresə, sonra isə 1891-ci ildə yəhudilərin Moskvadan kütləvi surətdə çıxarılması təkan verdi. İlk aliya dövründə 35 minə yaxın insan Fələstinə köçdü, lakin onların demək olar ki, yarısı ilk illərdə bu torpaqları tərk etdi.

1903-cü ildə Kişinyovda qanlı hadisələr yəhudi mühacirətinin yeni dalğasına səbəb oldu: 49 nəfər öldürüldü, yüzlərlə yəhudi qadın zorlandı, mindən çox yəhudi evi və mağazası talan edildi və yandırıldı. 1905-ci il inqilabı zamanı Rusiya İmperiyasını yenidən qırğın dalğası bürüdü və minlərlə yəhudi öz taleyini Fələstin torpaqlarında axtarmağa qaçdı. 1909-cu ildə ilk müasir yəhudi şəhəri Təl-Əvivin əsası qoyuldu. Təl-Əviv əvvəlcə qədim Yaffa şəhərinin yəhudi məhəlləsi kimi tikildi, lakin yeni köçkünlər gəldikcə böyüyərək tam hüquqlu bir şəhərə çevrildi. 1914-cü ilə qədər Fələstində 85 min yəhudi yaşayırdı. Lakin Birinci Dünya Müharibəsinin başlaması aliyanı dayandırdı: Almaniyaya qoşulan Osmanlı İmperiyası minlərlə yəhudini Fələstindən qovdu.

“Uqanda Layihəsi”

Teodor Hertsl VI Sionist Konqresində çıxış edir. Bazel, 1903-cü il.
Foto: Getty Images

Bütün bu müddət ərzində sionistlər Avropa dövlətləri ilə ümidsiz şəkildə danışıqlar apararaq, onları yəhudilərə torpaqlarının bir hissəsinin verilməsinin zəruriliyinə inandırmağa çalışırdılar. Hertsl Britaniya hakimiyyət orqanları ilə Kipr və ya Şimali Sinay ərazisində müvəqqəti ersatz dövlətinin yaradılmasını müzakirə edirdi, çünki hər ikisi Fələstinə yaxın idi. Lakin Londonda yəhudi mühacir axınının düzgün istiqamətə yönəldilməsi ilə bağlı fərqli bir fikir yaranmışdı. 1903-cü ildə müstəmləkə katibi Cozef Çemberlen sionist hərəkatının rəhbərinə Şərqi Afrikada yəhudi dövləti yaratmağı və onu Uqanda adlandırmağı təklif etdi (baxmayaraq ki, müasir Keniya ərazisində qurulmalı idi). Beləliklə, Böyük Britaniyada Afrika koloniyasının inkişafına təkan verməyə ümid edirdilər. Hertsl hesab edirdi ki, Şərqi Afrika yalnız iğtişaşlardan qaçan Şərqi Avropa yəhudiləri üçün müvəqqəti sığınacaq ola bilər.

Altıncı Sionist Konqresində Uqanda layihəsi səs çoxluğu ilə dəstəkləndi, lakin ortaya çıxan fikir ayrılıqları hərəkatın parçalanmasına səbəb oldu. Qalmaqal Hertslın sağlamlığına ciddi ziyan vurdu və bir il sonra yəhudi dövlətinin atası 44 yaşında vəfat etdi.

Balfur Bəyannaməsi

Yəhudi legionunun üzvləri dəvələr üzərində. Giza, Misir, 1915-1918-ci illər
Foto: Getty Images

Birinci Dünya Müharibəsi zamanı ingilislər Fələstinin böyük hissəsini nəzarət altına ala bildilər. Könüllülərdən ibarət yəhudi legionu onlara əraziləri fəth etməkdə kömək edirdi. Onların arasında Fələstindən İngiltərənin himayəsi altında olan Misirə qaçan keçmiş yəhudilər də var idi.

Müttəfiqlərə göstərilən köməyə görə London sionistləri yarı yolda qoymadı. 1917-ci il noyabrın 2-də Böyük Britaniyanın xarici işlər naziri Artur Balfur Britaniya yəhudilərinin qeyri-rəsmi başçısı Baron Rotşildə belə bir məktub göndərdi: “Əlahəzrət hökuməti Fələstində yəhudi xalqının milli yurdunun bərpasına müsbət yanaşır və bu məqsədə nail olmaq üçün hər cür səy göstərəcək”. Sənəd tarixə Balfur Bəyannaməsi kimi düşdü və müasir İsrail Dövlətinin yaradılmasının təşəbbüskarı oldu.

San-Remo görüşü

San-Remo konfransının iştirakçıları (soldan sağa): yapon diplomatı Keyşiro Matsui, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Böyük Britaniyanın xarici işlər naziri Corc Nataniel Kerzon, Fransanın baş naziri Aleksandr Millerand, İtaliyanın xarici işlər naziri Vittorio Şaloya, İtaliyanın baş naziri Françesko Nitti.
Foto: Getty Images

1920-ci il 19-26 aprel tarixində İtaliyanın San-Remo şəhərində Millətlər Liqasının konfransı keçirildi və bu konfransda Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı İmperiyasının ərazilərinin taleyi həll olundu. Keçmiş Suriya əyalətlərinin iki yerə bölünməsi qərara alındı: şimal yarısının (müasir Suriya və Livan) mandatı Fransaya, cənub yarısının (Fələstin) mandatı isə Böyük Britaniyaya verildi. Müttəfiqlər müstəqil Ermənistan və Kürdüstan muxtariyyətinin yaradılması haqqında da razılığa gəldilər. Bütün bu müqavilələr həmin ilin avqustunda Sevrdə Türkiyə ilə imzalanan sülh müqaviləsinin əsasını təşkil etdi.

Lakin Türkiyə parlamentinin müqaviləni ratifikasiya etməkdən imtina etməsi səbəbindən Millətlər Liqasının Şurası yalnız 24 iyul 1922-ci ildə San-Remo konfransının qərarlarını nəhayət təsdiq edə bildi. Həmin gün təşkilat “ölkədə yəhudi milli yurdunun təhlükəsiz formalaşdırılması üçün siyasi, inzibati və iqtisadi şərait yaratmaq” məqsədi ilə Böyük Britaniyaya Fələstin üçün Mandat verdi və bununla da müasir İsrail dövlətinin əsasını qoydu. Və düz bir il sonra, uğursuz Sevr müqaviləsi əvəzinə, Türkiyənin Fələstindən imtina etməsini də rəsmiləşdirən Lozanna müqaviləsi bağlandı.

Yəhudi müqaviməti

SS əsgərləri yəhudiləri Berlindəki izdihamlı küçə boyunca düşərgəyə aparırlar, 1934-cü il
Foto: Getty Images

On minlərlə yəhudi mühacir Fələstinə getməyə davam edirdi, bu da ərəblərlə toqquşmalara səbəb oldu. 1939-cu ildə İngiltərə Almaniyada nasist ideologiyasının yüksəlişi ilə artan yəhudi immiqrasiyasına məhdudiyyətlər qoydu və bununla da sionistlərə verdiyi vədləri pozdu. Holokostdan Fələstinə yalnız gizli yollarla qaçmaq mümkün idi.

Londonun hərəkətlərini xəyanət hesab edən yəhudi birləşmələri təkcə ərəblərə deyil, Britaniya administrasiyasının nümayəndələrinə də hücum etdilər. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, beynəlxalq təzyiqlərə baxmayaraq, İngiltərə yəhudilərin miqrasiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etdi. Fələstində isə vəziyyət gərginləşməkdə davam edirdi. Artan iğtişaşlara və terror hücumlarına cavab olaraq ingilislər Fələstin ərazisinə nizami qoşunlar göndərmək məcburiyyətində qaldılar.

İsrailin yaradılması

BMT-nin Fələstinin bölünməsinə dair qərarından sonra Təl-Əvivdə sakinlər. 30 noyabr 1947-ci il
Foto: Jim Pringle/AP

David Ben-Qurion müstəqil yəhudi dövlətinin yaradılmasını elan edir. Təl-Əviv, 14 may 1948-ci il
Foto: AP

1946-cı ilin sentyabrında İngiltərə yəhudi və ərəb liderlərinin konfransını çağırdı, lakin danışıqlar dalana dirəndi. 1947-ci ildə London Fələstin üçün mandatdan imtina etmək qərarına gəldi və kömək üçün yeni yaradılmış Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət etdi. Noyabr ayında BMT Baş Assambleyası Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsinə səs verdi. Qüds statusu ilə bağlı münaqişələrin qarşısını almaq üçün beynəlxalq şəhərə çevrilməli idi.

Britaniya qoşunlarının getməsi ilə yəhudilər və fələstinli ərəblər arasında silahlı toqquşmalar başladı və bu toqquşmalar zamanı yəhudi qüvvələri BMT-nin onlara ayırdığı ərazilərə nəzarəti bərqərar edə bildilər. 1948-ci il mayın 14-də Britaniya mandatının başa çatması ərəfəsində İsrailin ilk baş naziri David Ben-Qurion iki minillikdə ilk müstəqil yəhudi dövlətinin yaradıldığını təntənəli şəkildə elan etdi.

Yəhudilərlə ərəblər arasında müharibə

Ərəb döyüşçü Qüdsdə yəhudi sürücünü güllələyir. 7 mart 1948-ci il
Foto: Jim Pringle / AP

İsrail müstəqilliyini elan etdikdən bir gün sonra onun ərazisi Misir, Transiordaniya, Suriya, Livan və İraqdan olan qüvvələr tərəfindən işğal edildi - bu gənc dövlətin 74 illik mövcudluğu ərzində yaşadığı səkkiz böyük müharibədən birincisi idi.

Döyüşlər 700 min ərəbi İsraili tərk etməyə məcbur etdi. Müsəlman ölkələrində də yəhudilər təqiblərlə üzləşərək, kütləvi şəkildə yeni dövlətə köçməyə başladılar. Eyni zamanda, Holokostdan sağ çıxan Avropa yəhudiləri də İsrailə axışmağa davam edirdilər. Birinci onillikdə İsrail dövlətinin əhalisi 2,5 dəfə - 800 mindən 2 milyon nəfərə qədər artdı. Yəhudi dövlətini ilk tanıyan, həm də onu silahla təmin edən SSRİ-nin fəal dəstəyi ilə israillilər ərəblərin hücumunu dəf etməyə və yeni əraziləri ələ keçirməyə nail oldular. Qanlı müharibə 1949-cu ildə başa çatdı. BMT vasitəçiliyi ilə atəşkəs əldə edildi və yəhudi İsrail dövlətini ərəb qonşularından ayıran demarkasiya xətti olan “Yaşıl xətt” yaradıldı.

İsrail 1967-ci ildə altı günlük müharibə zamanı sərhədlərini yenidən genişləndirərək Şərqi Qüds, Qəzza zolağı, İordan çayının qərb sahili, Qolan təpələri və Sinay yarımadasına nəzarəti ələ keçirdi. İsrail 1979-cu ildə sülh razılaşması və yəhudi dövlətinin tanınması müqabilində yarımadanı Misirə qaytardı.

Aradan onilliklər keçsə də, İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə müsəlman ölkəsi hələ də İsraili dövlət kimi tanımır və Fələstin-İsrail nizamlanması illərlə davam edən diplomatik səylərə baxmayaraq, dalana dirənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ