Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb.
Gürcü siyasətçi bununla bağlı “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, Rusiya və onun lideri Vladimir Putinlə ünsiyyət təcrübəsinə əsaslanaraq, Paşinyana bir neçə məsləhət vermək qərarına gəlib:
“Yadda saxlamalısınız ki, vaxtınız çox azdır. Hakimiyyətə gəldikdən sonra fundamental islahatlar apara bilməmisiniz və ya etməmisiniz. Bununla yanaşı, Avropaya inteqrasiya məsələsində də gecikmisiniz. Ermənistan ətrafında son hadisələr regionumuza yeni şans verir. Bir müddətdən sonra açıq sərhədlərlə 3 Baltikyanı ölkə kimi yaşaya, hər üçümüzün üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları yarada bilərik. Lakin bunun üçün siz tələsməli və tərəddüdlərdən qurtulmalı, Rusiya hərbi bazasının dərhal ölkədən çıxarılmasını tələb etməli, MDB və KTMT, Gömrük ittifaqından çıxmalı, Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı müraciətlər etməlisiniz”.
O, eyni zamanda Paşinyanı mümkün qədər tez bir zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb:
“Və nəhayət, açıq şəkildə bəyan edərək dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində fundamental dəyişikliklərə yol açmalısınız”.