İordaniya Baydenin iştirakı ilə sammiti ləğv etdi

İordaniya Qəzza zolağında vəziyyətlə bağlı oktyabrın 18-də keçirilməsi planlaşdırılan dördtərəfli sammiti ləğv edib.

Görüşdə ABŞ prezidenti Co Bayden, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin rəhbəri Mahmud Abbas iştirak etməli idi.

İordaniya xarici işlər nazirinin sözlərinə görə, qərar Fələstin, Misir və ABŞ ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Bundan əvvəl Mahmud Abbas sammitdə iştirakdan imtina etmişdi. “The Times of Israel”in mənbəsinin məlumatına görə, Fələstin administrasiyasının rəhbəri bunu Qəzza zolağında xəstəxanaya hücuma etiraz olaraq edib.

Ağ Ev də Baydenin İordaniyaya səfərinin ləğvini təsdiqləyib.

Oktyabrın 17-də HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi Qəzza zolağında Əl-Əhli xəstəxanasına endirilən hava hücumunda İsraili günahlandırıb. Xəstəxanaya endirilən zərbə nəticəsində azı 500 nəfər həlak olub. 

Öz növbəsində İDF xəstəxanaya hücuma görə məsuliyyəti “İslami Cihad” qruplaşmasının üzərinə qoyub. İsrail ordusunun məlumatına görə, xəstəxana yaraqlılar tərəfindən İsrailə doğru atılan raketlərdən biri ilə vurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ