Səudiyyə Ərəbistanı hakimiyyəti İsraillə münasibətlərin normallaşdırılmasına dair sazişin hazırlanması üzrə danışıqları təxirə salıb.
Bu barədə “Reuters” və “Bloomberg” mənbələrə istinadən yazıblar.
Onların sözlərinə görə, Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üzrə danışıqları dəstəkləyən ABŞ hakimiyyətinə öz mövqeyini çatdırıb. “Bloomberg” mənbələri qeyd edib ki, rəsmi Ər-Riyad bu addımı diplomatik danışıqların sonu kimi deyil, pauza kimi qiymətləndirib.
Adı açıqlanmayan ABŞ rəsmisi “Bloomberg”ə bildirib ki, Ağ Ev Səudiyyə Ərəbistanı hakimiyyəti ilə əlaqə saxlayır və təşəbbüsün dayandırıldığı barədə məlumat almayıb. Eyni zamanda “AFP”dəki mənbə Ər-Riyadın bu barədə Vaşinqtonu xəbərdar etdiyini bildirib.
Səudiyyə Ərəbistanı hökuməti jurnalistlərin sorğularına cavab verməyib.
Oktyabrın 7-də HƏMAS İsrailə hücum etməzdən əvvəl İsrail və Səudiyyə liderləri razılığa doğru irəliləyəcəklərinə əmin olduqlarını açıqlayıblar.
Normallaşma sazişi Səudiyyə Ərəbistanının İsraili tanıyacağını və onunla diplomatik və ticarət əlaqələrinə başlayacağını nəzərdə tutur.
“The Wall Street Journal” avqustda yazıb ki, Səudiyyə Ərəbistanı buna cavab olaraq İsrailin fələstinlilərə güzəştə getməsini, ABŞ-dan isə təhlükəsizlik zəmanəti və nüvə proqramında yardım göstərməsini istəyir. Nəşrin mənbələri bildiriblər ki, Ər-Riyad və Vaşinqton razılaşmanın ümumi konturları ilə bağlı razılığa gəliblər.
Qərb mediası qeyd edir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma Yaxın Şərqdə son onilliklərin ən mühüm sülh sazişi ola bilər.
Ərəb dünyasının əksər ölkələri hələ də İsraili tanımaqdan imtina edirlər. 1979-cu ildə Misir İsraili tanıyan ilk ərəb dövləti olub. İordaniya bunu 1994-cü ildə, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri isə 2020-ci ildə ediblər.