İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı hücumlara başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus hədəflərə genişmiqyaslı hücumlar həyata keçirir. Təfərrüatlar veriləcək”, - məlumatda deyilir.
İsrail ordusunun mətbuat xidməti həmçinin Qəzza zolağında reydlərin keçirildiyini açıqlayıb. “Son 24 saat ərzində İDF Qəzza zolağında terrorçuların və silahların təhdidini aradan qaldırmaq və girovların yerini tapmaq məqsədilə bütün Qəzza zolağında reydlər keçirib. Əsgərlər axtarışlar aparıb və girovların tapılmasına kömək edəcək sübutlar toplayıblar”, - məlumatda qeyd edilir.
Mətbuat xidməti əlavə edib ki, “hərbçilər İsrail ərazisinə tank əleyhinə raketlər atmış HƏMAS bölməsi də daxil olmaqla, ərazidəki terrorçuların bazalarını və infrastrukturunu məhv ediblər”.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri “HƏMAS terror təşkilatının Qəzza zolağındakı hədəflərinə zərbələr endirməyə davam edib”.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsiə “Fox News” telekanalının müxbirinə bildirib ki, İsrail piyada bölmələri və tankları yerli reydlər keçirmək üçün Qəzza zolağına daxil olub. Jurnalistin sözlərinə görə, bu addım İsrailin Qəzzada quru əməliyyatının başlanğıcı deyil.
“Politico” qəzeti İsrail rəsmilərinə istinadən yazır ki, İsrailin Qəzza zolağında quru əməliyyatı qaçılmazdır və tezliklə başlayacaq.
Onların məlumatına görə, təxliyə çağırışı quru əməliyyatı ərəfəsində mümkün qədər çox fələstinlini xilas etmək üçün edilib. Qəzet qeyd edir ki, adının açıqlanmasını istəməyən mənbələrə görə, evakuasiya üçün qısa müddət HƏMAS-ın hazırlaşmağa çox vaxtının olmaması üçün lazım idi.
Politico vurğulayır ki, heç kim quru əməliyyatının mümkünlüyünü inkar etməsə də, İsrail hökumətinin və silahlı qüvvələrinin nümayəndələri gələcək əməliyyatlar barədə şərh verməkdən imtina ediblər.
Bir müddət əvvəl “Hizbullah” hərəkatının silahlı qanadı Livanın cənubundakı Əl-Edeysah sərhəd bölgəsindən İsrail ordusunun 4 mövqesinə qarşı əməliyyat elan edib.
“Əl Manar” telekanalı tərəfindən yayımlanan açıqlamada silahlıların Əl-Abed, Meskafam, Ramiya və Jel əl-Alam yaşayış məntəqələri yaxınlığındakı hədəflərə idarə olunan raketlərlə hücum etdiyi bildirilib. Qeyd olunur ki, israillilər canlı qüvvə və texnika itkisinə məruz qalıblar.
İsrail əsgərləri cümə günü Livanın cənubunda yerləşən əraziləri atəşə tutublar. “Hizbullah” yaraqlılarının hücumundan sonra səmaya qaldırılan pilotsuz təyyarələr El Edeys bölgəsində və Xonin vadisində yer hədəflərini vurub.