Fələstinlilərlə israillilərin bölüşə bilmədiyi məscid...

Son günlər dünya gündəminin əsas mövzusu İsrail və Fələstin arasında yaşanan gərginlikdir.

Bu gərginliyin tarixən yaranmasına səbəb olan nüanslardan biri də Qüdsdə yerləşən və üç dinin müqəddəs hesab etdiyi “Əl-Aksa” məscididir.

Məsciddə ibadət etmək istəyən müsəlman fələstinlilərlə yəhudi israillilər bir çox zaman oranı bölüşdürməkdə çətinlik yaşayıblar.

Bəs, “Əl-Aksa” məscidinin sirri nədir?

3 dinin müqəddəs məkanı olması 

İslami mənbələr müsəlmanların ilk məscidi olaraq qəbul etdiyi “Əl-Aksa”nı müqəddəs hesab edirlər.

Bildirilir ki, Məhəmməd Peyğəmbərin dövründə müsəlmanlar həmin məscidə üz tutaraq namaz qılıb, onu qiblə kimi qəbul ediblər.

Yəhudilər üçün isə həmin ərazinin əhəmiyyəti burada olan  Ağlama Divarı ilə bağlıdır.

Onlar həmin əraziyə gələrək dua edir və Allahla ünsiyyətə girirlər.

Xristianlar isə dinlərinin məhz bu yerdən yayılmağa başladığını bildirdikləri üçün onu müqəddəs olaraq görürlər.

“Əl-Aksa”nı kim tikdirib? 

Bir çox mənbələrdə “Əl-Aksa”nın ilk dəfə Məhəmməd Peyğəmbərin səhabələrindən olan Ömər bin Xəttab tərəfindən tikildiyi qeyd olunur.

Məscid daha sonra isə Əməvilərin beşinci xəlifəsi Əbd əl-Malik tərəfindən yenidən tikilərək genişləndirilib.

Məscidin tikintisi 705-ci ildə Əbdülməlikin oğlu I Vəlid tərəfindən tamamlanıb. İbadətgah 746-cı ildə baş verən zəlzələdən sonra dağıdılıb. İkinci Abbasi xəlifəsi Mənsur 754-cü ildə “Əl-Aksa”nı yenidən tikdirib. 1035-ci ildə Fatimilər Dövlətinin ikinci xəlifəsi Zahir  “Əl-Aksa”nı yenidən təmir edərək tikdirib və ona indiki formasını verib.

Hər tikinti və təmir zamanı o dövrdə hakimiyyətdə olan xəlifələr “Əl-Aksa”ya əlavələr və yeniliklər ediblər.

1099-cu ildə səlib yürüşləri zamanı Qüds şəhəri ələ keçirilərkən “Əl-Aksa” kilsəyə çevrilib. Əyyubilər sülaləsinin banisi Səlahəddin isə 1187-ci ildə Qüdsü geri aldıqdan sonra oranı  yenidən məscidə çevirib.

İllər keçdikcə məscid Əyyubilər, Məmlüklər, Osmanlı İmperiyası və İordaniya tərəfindən davamlı olaraq bərpa edilib.

Məscidül-Əqsanı kim idarə edir?

1967-ci ildə altı günlük müharibədə Şərqi Qüds İsrailin nəzarətinə keçib. O vaxtdan da məscid İsrailin nəzarətindədir.

Həmçinin, məscid İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs İşlər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.

Bu razılaşmaya əsasən, əraziyə qeyri-müsəlmanlar baş çəkə bilər, lakin məscidin ərazisində yalnız müsəlmanlar namaz qıla bilər.

İsrail hökuməti bildirir ki, xristianlar və yəhudilər həftənin beş günü dörd saat bu əraziyə turist kimi səfər edə bilərlər.

Lakin yəhudi və müsəlmanların eyni anda ibadət etməsi müəyyən zamanlarda məsciddə silahlı insidentlərin olmasına və insan ölümlərinə səbəb olub.

Bunlardan ən geniş yayılmışı da 2021-ci ilin Ramazan ayında qeydə alınıb.

Hazırda isə İsrail və Fələstin məsciddə ibadətlə bağlı problem yaşamaqdadır ki, bu da hər iki tərəf arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ