İsrail əməliyyat şəraitində deyil, müharibə vəziyyətindədir. “The Times of Israel” yazır ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
Onun fikrincə, düşmən öz əməlinin “qiymətini ödəyəcək”. Baş nazir Qəzza zolağı ilə həmsərhəd yaşayış məntəqələrinin terrorçulardan təmizlənməsi və ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bu gün səhər saatlarından Qəzza zolağından ölkə ərazisinə raketlərin atıldığını təsdiqləyib. Tel-Əviv şəhəri və ətraf ərazilər də daxil olmaqla ölkənin bir çox şəhərlərində həyəcan siqnalı verilib.
Baş verən hadisələr fonunda İsrail ordusu “döyüş hazırlığı vəziyyəti”nə gətirlib və ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılması məsələsini təsdiqləyib.