“Bu, İlham Əliyev tərəfindən qəbuledilməz idi”

“Türkiyənin iştirak şərti qəbul edilmədiyi üçün cənab İlham Əliyev İspaniyaya səfərini ləğv edib. Biz bunu yüksək qiymətləndiririk”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında bildirib.

“Fransa, Almaniya, Aİ və Ermənistan iştirak edəcək, Azərbaycanı dəvət edirlər, Türkiyə yoxdur. Prezidentimiz olmadan bu məsələni danışacaqlar. Fransa bu problemin həll olunmaması üçün illərdir ermənilərin diasporadakı sözçüsü olan bir nümayəndədir. Türkiyə o masada olmayacaq. Bu, Azərbaycan və cənab Prezident Əliyev tərəfindən qəbuledilməz idi” – Ö.Çelik deyib.

Partiya rəsmisi əlavə edib ki, Minsk Qrupunun gördüyü yeganə şey prosesi erməni işğalının xeyrinə uzatmaq idi:

“Qarabağ ilkin mənsubiyyəti olan Azərbaycana qayıdıb. Fransız diplomatiyası hələ də Ermənistanın işğalçı olduğunu dilə gətirə bilmir. Bu masada Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin olmamasının anlamı budur – Qarabağın Azərbaycana aid olmasını həzm edə bilmirlər”.

Qeyd edək ki, Qaranada görüşündə Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Nəticədə Azərbaycan görüşdən imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ