Birləşmiş Ştatlar Ukraynanı korrupsiyaya qarşı mübarizəni gücləndirməyə sövq edir və onu növbəti qeyri-hərbi yardım üçün şərt qoyur. Bu barədə CNN-ə məlumat verən mənbələr əlavə edib ki, əks halda ABŞ-ın hərbi dəstəyi istisna olmaqla bütün formaları risk altında ola bilər.
"Ukraynalılara mesaj həmişə olub ki, əgər bu vəsaitlərdən hər hansı biri mənimsənilsə, bu, ABŞ-ın ölkəyə bütün yardımlarını təhlükə altına atacaq", - mənbə CNN-ə bildirib.
CNN iddia edir ki, ABŞ Dövlət Departamenti Ukraynaya diplomatik nota göndərərək, Ukraynanın korrupsiya və maliyyə şəffaflığı sahələrində daha çox səy göstərməsinin vacibliyini vurğulayır. Notada həmçinin BVF proqramı çərçivəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə ilə bağlı kritik islahatların aparılmasının zəruriliyi qeyd edilir.
“Politico”nun yazdığına görə, Bayden administrasiyası Ukraynadakı korrupsiya ilə bağlı dərin narahatlığını ifadə edib və bu, onun ölkə üzrə məxfi strategiyasında öz əksini tapıb. Nəşr həmçinin korrupsiyanın Qərb müttəfiqlərini Rusiya ilə müharibə şəraitində Ukraynaya əlavə dəstəkdən imtina etməyə məcbur edə biləcəyi ilə bağlı mümkün narahatlıqlara diqqət çəkir.