“Rəsmi İrəvan Ruben Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi ilə bağlı yardım üçün Rusiyaya üz tutur, lakin o, artıq rus olmadığı üçün bizim ona kömək etmək imkanımız yoxdur”.
Bunu rusiyalı jurnalist Dmitri Kiselyov “Həftənin xəbərləri” verilişində Azərbaycanın Ruben Vardanyanı həbs etməsini şərh edərkən deyib.
O, bildirib ki, hər şeyə baxanda saxlanılan şəxsə kömək etmək pis olmazdı, çünki Bakı şəhəri Səbail Məhkəməsinin qərarı ilə Vardanyan barəsində 4 ay müddətinə həbs qərarı çıxarıb və onu 14 ilədək həbs cəzası gözləyir.
“Ermənistan baş naziri Nikol Paşinyan Vardanyana kömək etməyə tələsmir. Çünki Vardanyan Paşinyan üçün ən güclü siyasi rəqibdir. Amerikalılara da Vardanyanın azad olması lazım deyil”, - deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə, reallıq və ironiya ilə belədir ki, Vardanyanın həyatı və bütün ümidləri indi yalnız bir şəxslə, Azərbaycan prezidenti İlham Əliyevlə bağlıdır:
“Məhbusu yalnız yaxşı məqamda əfv etmək onun səlahiyyətindədir. Əliyev artıq Qarabağ oyununda qalib gəlib və Vardanyan ona heç bir təhlükə yaratmır. Artıq Vardanyanın çıxış yolu yoxdur və onu məhkəmənin ağır qərarı gözləyir”, - deyə Kiselyov qeyd edib.