Qarabağ Azərbaycanın bir hissəsidir - İran XİN

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi “seçkilər” barədə suala cavabında deyib.

“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir.

Biz hər zaman ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşmağın və hər hansı gərginlik yaradan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayırıq”, - Kənani qeyd edib.

XİN rəsmisi əlavə edib ki, ölkəsi beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ