Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, müəyyən əsaslar yaranarsa Abxaziya və Cənubi Osetiya Rusiyaya “birləşdirilə” bilər.
“2008-ci ildə tarixin təkrarına ehtiyacımız yoxdur. Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları varsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Müəyyən səbəblər olarsa, bu, həyata keçirilə bilər”, - Medvedev “AiF”ə üçün yazdığı məqalədə bildirib.
Onun fikrincə, Qərb üçün hadisələrin bu dönüşü növbəti biabırçı fiasko və daha bir fəlakətli təsir itkisinin simvolu olacaq: “2008-ci ildə biz Tbilisiyə hücumu dayandırdıq, o zaman yaranan təhlükələrin və təhlükəsizlik zəmanətlərinin aradan qaldırılmasına nail olduq. Amma indi vəziyyət yenidən aktiv şəkildə gərginləşir, görünür, sərhədlərimiz yaxınlığında Ukrayna cinahından əlavə daha bir gərginlik ocağı yaratmaq üçün. Yenə də Gürcüstanın NATO-ya qəbulu ilə bağlı söhbətlər gedir. Sanki sifarişlə bu ölkədə rusofobiya partlayışları başlayıb”.
Medvedev iddia edir ki, Moskva 2008-c ildə BMT Nizamnaməsinə uyğun hərəkət edib və “iyrənc Saakaşvili rejimi sərt və tez cavab alıb”.
Təhlükəsizlik Şurasının sədr müavini həmçinin hesab edir ki, “gürcülərin əksəriyyəti daha yaxın olduğu Rusiya ilə sülhdə yaşamağa üstünlük verir”.
Məqalədə o, həm də Ukraynada, sonra isə Gürcüstanda mövcud vəziyyət arasında paralellər aparıb. Medvedev hesab edir ki, Ukrayna lideri Vladimir Zelenski də Saakaşvili kimi eyni aqibətlə üzləşəcək.